Tokio, 8 aprel , /AJMEDIA/
Slovakiyanın Baş naziri Eduard Heger və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər ediblər.
AJMEDIA Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Slovakiya Nazirlər Kabinetinin rəhbəri özünün feysbuk səhifəsində yazıb.
“Ursula fon der Lyayenlə birgə Ukraynaya səfər etmişəm. Prezident Volodimir Zelenski və Baş nazir Denis Şmıqalla görüş üçün Ukraynaya yardım barədə konkret təkliflər gətirmişəm”, – deyə Eduard Heger bildirib.
O, Ukrayna rəhbərliyinə dəmir yolu xətti ilə Slovakiyadan keçməklə buğda və digər dənli bitkilər ixracına başlamağı təklif edəcək, həmçinin humanitar yardımın artırılması barədə müzakirələr aparacaq. Baş nazir, eyni zamanda, Volodimir Zelenskini Ukraynanın Avropa İttifaqına daxil olması üçün Bratislavanın dəstək verəcəyinə əmin etmək niyyətindədir.
Qeyd edək ki, mart ayının ortalarında Çexiya, Sloveniya və Polşanın Baş nazirləri Petr Fiala, Yanez Yanşa və Mateuş Moravetski də Kiyevdə Prezident Volodimir Zelenski ilə görüşüblər.