Tokio, 18 noyabr , /AJMEDIA/
Ötən il noyabrın 16-da erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçin Ramil oğlunun Şirvanda anım tədbiri keçirilib.
AJMEDIA xəbər verir ki, anım tədbirində şəhidin ailə üzvləri ilə bərabər Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, YAP Şirvan Şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər Şöbəsinin rəisi Akşin Xancanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, din xadimləri, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimai qurumların nümayəndələri iştirak edib. Şəhid Əliyev Elçinin məzarı ziyarət olunub xatirəsi ehtiramla yad edilib.
Çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Vətən, torpaq uğrunda canını fəda edənlərin unudulmayacaqlarını, əbədi yaşayacaqlarını diqqətə çatdırıb. Bildirilib ki, 44 gündə qazanmış olduğumuz Zəfərimizə kölgə salmağa çalışan düşmən 2020-ci il 10 noyabr bəyanatının şərtlərini pozaraq yenidən öz düşmən xisləti ilə Azərbaycana qarşı təxribat törətməyə çalışsa da, hər zaman olduğu kimi yenə də tutarlı cavabla susdurulub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti, qalib ordunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Vətən müharibəsində Qələbənin təmin edilməsi istiqamətində fəaliyyətlərindən, Bakı şəhərində keçirilən Beynəlxalq Humanitar Forumlardan, dövlət xadimlərinin və dini liderlərin Zirvə toplantılarının əhəmiyyətindən danışılıb.
Çıxış edən DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, YAP Şirvan Şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Hacı Vasif və şəhid atası Alim Zülfüqarlı böyük Qələbəmizin təmin edilməsində sağlamlığını itirən, canından keçən igidlərimizin qəhrəmanlıqlarının gələcək nəslə nümunə olacağını, onların hər zaman bu xalqın yaddaşında yaşayacağını söyləyiblər. Torpaqlarımıza azadlıq, xalqımıza qalibiyyət bəxş edərkən ali zirvəyə ucalan şəhidlərimizin hər bir azərbaycanlının qəlbində xüsusi yerə sahib olduqlarını vurğulayıblar.
Sonra Şirvan Rəsm Qalereyasının direktoru Çinarə Vəliyevanın çəkdiyi şəhid Əliyev Elçinin portreti valideynlərinə təqdim olunub.
Şəhid Əliyev Elçinin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.