Tokio, 28 avqust , /AJMEDIA/
Böyük Qərb silah şirkətləri Tokionun müdafiə xərclərini 2027-ci ilə qədər ÜDM-in 2%-nə qədər artırması ərəfəsində regional ofislərini və törəmə şirkətlərini Yaponiyaya köçürür.
AJMEDIA xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Britaniyanın “BAE Systems” şirkəti ilin sonuna kimi nümayəndəliyini Malayziyadan Yaponiyaya köçürməyi planlaşdırır. Bu məqsədlə 2022-ci ilin yanvar ayında törəmə müəssisə yaradılıb. Xüsusilə, italyan tərəfdaşı ilə qırıcıların hazırlanması layihəsində iştirak edən Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkəti ilə əlaqələrin gücləndirilməsi planlaşdırılır.
Məlumata görə, ABŞ-ın “Lockheed Martin” korporasiyası regional qərargahını Sinqapurdan Yaponiyaya köçürüb. Bu, Şimal-Şərqi Asiyada artan gərginlik, o cümlədən Şimali Koreyanın raket buraxılışlarının intensivləşməsi və Tayvan üzərində münaqişə risklərinin artması fonunda edilib. Korporasiya artıq “Patriot PAC-3” raketdən müdafiə sistemləri və “F-35” təyyarələri tədarük etdiyi Yaponiya ilə sıx əlaqələrə malikdir. Yaponiya qərargahı Cənubi Koreya, Tayvan və digər bazarlardakı fəaliyyətlərə də cavabdeh olacaq.
Nəşr bildirir ki, Amerikanın “L3Harris Technologies” şirkəti Yaponiyada törəmə müəssisəsini qeydiyyatdan keçirib və bu ölkənin Müdafiə Nazirliyi ilə bir neçə istiqamətdə danışıqlar aparır. Eyni zamanda, “Mitsubishi” ilə birlikdə mina detektorları hazırlayan Fransanın “Thales” şirkəti Yaponiyada işçilərinin sayını artırmağı planlaşdırır.
Qeyd edək ki, Yaponiyanın müdafiə sənayesində çoxlu sayda kiçik müəssisələr fəaliyyət göstərir. Məsələn, döyüş təyyarələri üçün komponentlərin istehsalı ilə 1,1 min, tanklar – 1,3 min, döyüş gəmiləri – 8,3 min şirkət məşğul olur.
Xatırladaq ki, Yaponiya hökuməti keçən il müdafiə xərclərinin 2027-ci ilə qədər ÜDM-in 2%-nə çatdırılmasını nəzərdə tutan milli təhlükəsizlik strategiyasını təsdiqləyib.
Baş nazir Fumio Kişida 2027-ci ildə 8,9 trilyon yen (62,2 milyard dollar) müdafiə büdcəsinin maliyyələşdirilməsinə göstəriş verib. İndi bu xərclər təxminən 6,8 trilyon yen (47,5 milyard dollar) təşkil edir