Sevinc Fətəliyeva AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırıb

Tokio, 27 aprel , /AJMEDIA/

Münaqişədən sonrakı dövrdə ərazilərin minalardan təmizlənməsi ən vacib məsələ olaraq qalır. Azərbaycan ən çox minanın basdırıldığı və partlamamış hərbi sursatın olduğu ölkədir. Azərbaycan hökumətinin əsas məqsədi vətəndaşların öz doğma torpaqlarına sağ-salamat qayıtmasıdır. Bu qayıdışın vaxtı ərazilərin minalardan təmizlənməsindən asılıdır. İşğaldan azad edilmiş ərazilərdə bu günədək 30-dan çox azərbaycanlı mülki şəxs və hərbiçi erməni silahlı qüvvələrinin yerləşdirdiyi minaların qurbanı olub.
AJMEDIA xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun yaz sessiyası çərçivəsində keçirilən sərbəst debatlar zamanı deyib.
Deputat bildirib ki, Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etsə də, onların dəqiqliyi cəmi 25 faizdir. Erməni işğalçı qüvvələri minlərlə hektar ərazini, su ehtiyatlarını, hətta qəbiristanlıqları da minalayıblar. Ermənistanın minalanmış ərazilərin tam və dəqiq xəritələrini verməməsi beynəlxalq hüquqa görə müharibə cinayətidir.
S.Fətəliyeva qeyd edib ki, azad edilmiş ərazilərin ermənilər tərəfindən başdan-başa minalanması orada aparılan bərpa prosesini ciddi şəkildə ləngidir. Bu, Azərbaycanın üzləşdiyi və təhlükə törədən humanitar fəlakətin miqyasından xəbər verir.
“Azərbaycan məcburi köçkünlərin doğma yurdlarına tezliklə qayıdışı, eləcə də nəqliyyat dəhlizlərinin açılması üçün işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri aparır. Ölkəmiz bu istiqamətdə real addımlar atır, Ermənistan tərəfi isə prosesi ləngitmək üçün əlindən gələni edir. Biz sülh proqramı ilə çıxış etdik, lakin Ermənistandan heç bir cavab gəlmədi. Beynəlxalq təşkilatlar da buna az maraq göstərdilər.
Nəhayət, Azərbaycan 5 prinsipdən ibarət konkret təklif irəli sürdü və Ermənistan bunu qəbul etdi. Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, ölkəmizə heç bir ərazi iddiası olmadığını və gələcəkdə də olmayacağını rəsmən bəyan edib. Bu, münaqişədən sonrakı dövr üçün vacib məqamdır və növbəti danışıqlari bu 5 prinsip əsasında aparmaq niyyətindəyik”, – deyə S. Fətəliyeva avropalı parlamentarilərin diqqətinə çatdırıb.
Qeyd edib ki, humanitar konvensiyaların yerinə yetirilməsini və beynəlxalq hüququn aliliyini təmin etmək üçün çağırışlar olunub. Beynəlxalq təşkilatların bu vəziyyətə kifayət qədər səthi yanaşması və Ermənistana lazımi təzyiq göstərməməsi böyük təəssüf doğurur. Deputat Parlament Assambleyasını beynəlxalq hüquqa riayət etmək, münasibətlərin normallaşması məqsədilə irəliyə doğru addım atmaq üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts