Tokio, 30 dekabr , /AJMEDIA/
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə icra edilən səyyar görüşlər növbəti dəfə Ağdaş, Ağcabədi və Mingəçevirdə olub.
Gənclər Fondundan AJMEDIA-ya bildiriblər ki, “Gəncin səsi, Gələcəyin səsi!” şüarı ilə baş tutan səfərlərin əsas məqsədi 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün seçki hüququ ilə bağlı maarifləndirici səyyar görüşlərin keçirilməsidir.
Ağdaş, Ağcabədi və Mingəçevirdə avtobuslar vasitəsi ilə təşkil edilən səyyar görüşlərdə iştirak edən bölgə gənclərinə seçki sistemi, seçicinin hüquq və vəzifələri, keçiriləcək seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılması maarifləndirici-əyləncəli formatda izah edilib.
Səyyar platformalarda maarifləndirmə sessiyaları ilə yanaşı rəqəmsal alətlər barədə məlumat sessiyaları, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər, müxtəlif oyunlar və musiqili əyləncələr də təşkil edilib.
Qeyd edək ki, dekabrın 28-dən etibarən başlayan səyyar görüşlər artıq Şirvan, Sabirabad və Şamaxı şəhərlərində olub. Seçki könüllülərinin “Gəncin səsi, Gələcəyin səsi!” şüarı ilə maarifləndirici-əyləncəli formatda təşkil olunan görüşləri ölkəmizin bir çox bölgəsini əhatə edəcək.