Tokio, 3 oktyabr , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik“ layihəsinə yeni kitablar hədiyyə edildi.
Şair, tərcüməçi, ədəbiyyatşünas, publisist, AYB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru Firuzə Məmmədli kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “Söz sizindir”, “Nə yaman ağladı söz ürəyimdə” və “Nə yaxşı yaxamda söz medalım var” kitablarını hədiyyə etdi.
Kitablarda tanınmış şairin müxtəlif illərdə yazdığı şeirlər toplanmışdır. Bu şeirlərin çoxu ilk dəfədir ki, nəşr olunur. Şairin şeirləri əsasən insana və ətraf mühitə, insana və cəmiyyətə, vətənpərvərliyə, sevgiyə həsr olunur. Bu poeziya nümunələri şairin müşahidə etdiyi, şəxsən duyub yaşadığı hadisələrin bədii təsviridir.
Şair şəhidlərə və şəhid analarına silsilə şeirlər həsr edib. O, övladlarını itirən anaların dərdinə şərik olur, onlara təsəlli verir.
F.Məmmədli “Azadlığın mübarək”, “Şanlı ordumuz” və b. şeirlərini şanlı ordumuza, ordumuzun şücaətinə, Vətənin azadlığı uğrunda döyüşən igid oğullarımıza həsr edilib.
Firuzə Məmmədlinin şeirləri insanı düşündürür və qəlbində gözəl hisslər oyadır.
Şairin kitabları ilə oxucular Yasamal rayonun kitabxanalarında tanış ola bilərlər.