Tokio, 17 oktyabr , /AJMEDIA/
“Prezident İlham Əliyev hər zaman idmançılara dəstək göstərir. Bunun nəticəsində də belə uğurlar əldə olunur. Qazandığımız qələbəni dövlətimizin başçısına həsr edirik”.
AJMEDIA xəbər verir ki, bu sözləri İtaliyanın Sardinya adasında keçirilmiş U-20 dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Məhəmməd Muradlı Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mundialda əsas məqsəd həm rapid, həm də blits növlərində uğurlu çıxış etmək idi: “Təəssüf ki, rapid yarışında bunu bacarmadım. Bundan sonra bütün gücümü toplayaraq, blits növündə mübarizə apardım. Sevindirici haldır ki, proseslər istədiyim kimi getdi. 11 oyundan 9,5 xal toplayaraq bütün rəqiblərimi üstələdim və yekunda dünya çempionu oldum”.
Səkkiz ildən sonra yenidən dünya çempionu olduğunu söyləyən M. Muradlı gələcəkdə də uğurlu nəticələr qazanmağa çalışacağını vurğulayıb.
Qeyd edək ki, Məhəmməd Muradlı blits, Gövhər Beydullayeva isə rapid növündə dünya çempionu olub.