Tokio, 26 avqust , /AJMEDIA/
Almanın ölkəmizdə 300-ə qədər müxtəlif növü və çeşidi mövcuddur. Qızılgülçiçəklilər fəsiləsindən olan meyvədir. Zəngin kimyəvi tərkibə malikdir. Həmçinin bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Bu fikirləri AJMEDIA-ya müsahibəsində Dövlət Aqrar Universitetinin dosenti Hüseyn İdrisov söyləyib.
O bildirib ki, alma yuxusuzluğu, yorğunluğu aradan götürür. Dəriyə parlaqlıq, gözəllik verir. Vitaminlərlə zəngin olan alma qan təzyiqini də aşağı salır. Alma həzm pozğunluğunda, avitominozda, qan azlığında, həddən artıq kök olanda isə pəhriz qidası kimi istifadə edilir.
“Almanın turş meyvəli sortları şəkərli diabet, piylənmə, aşağı turşuluqlu mədə xəstəlikləri və qəbizlik zamanı, şirin meyvəli sortları isə ürək-damar, böyrək, qaraciyər xəstəlikləri zamanı istifadə edilir. Gecə yeyilən alma sakit və yaxşı yuxu gətirir, mədəni yumşaq edir,” – deyə H.İdrisov almanın müalicəvi tərəfləri haqqında danışarkən bildirib.
Mütəxəssis deyib ki, sağlamlıq üçün səhər, gözəllik üçün isə axşam bir alma yemək məsləhətdir. Qastrit zamanı qurudulmuş alma çiçəklərindən dəmlənmiş çay da faydalıdır. Bu məqsədlə çay qaşığı ilə dolu quru çiçək bir stəkan qaynar suda dəmlənir və gün ərzində az-az qurtumla içilməsi tövsiyə olunur.