“Sənəti yaşadan unudulmaz” adlı sərgi açılacaq

Tokio, 15 aprel , /AJMEDIA/

Aprelin 20-də “NUR Art House” xalça qalereyasında keçəçi rəssam Rauf İsmayılovun xatirəsinə həsr olunmuş “Sənəti yaşadan unudulmaz” adlı sərgi açılacaq.
AJMEDIA xəbər verir ki, sərgi “NUR Art House”, “World Craft Council Europe”, “Azərbaycan xalçaçıları” İctimai Birliyi və “Art Council Azerbaijan” QHT-nin birgə təşkilatçılığı ilə keçiriləcək və aprelin 25-nə kimi davam edəcək.
Rauf İsmayılov rəssamlığın müxtəlif janrlarında bir-birindən gözəl əsərlər yaratsa da uşaqlıqdan marağına səbəb olmuş, rəssam kimi püxtələşdikcə müxtəlif eksperimentlər apararaq uğurlu nəticələr əldə etdiyi, “Kitabi-Dədə Qorqud”dan daha qədim keçə sənətinə qəlbən bağlanmışdı. Nəinki bağlanıb, onun tədqiqatçısına çevrilib və yunun hazırlanma prosesindən boyanmasına qədər bütün mərhələləri yerinə yetirərək klassik, ənənəvi keçəyə müasir ruh gətirib.
Tamaşaçılar sərgidə nümayiş olunacaq əsərlərdə avanqard, modernizm və qrafikanın keçə həllini görməklə yanaşı, onların özünəməxsus fəlsəfi məzmuna və poetikasına heyran olacaqlar.
Yaradıcı insanın duyğularını, həyata münasibətini, arzularını özündə əks etdirən keçə nümunələri, rəssamın rəngkarlıq, batika və digər əsərləri insan və zaman, insan və təbiət, sənətin kosmoqonik mahiyyətinin ifadəsidir. Bütün bunlar yaradıcılığının çiçəkləndiyi dövrdə bizi tərk edən, sadə, təvazökar, mədəni irsimizin təəssübkeşi Rauf İsmayılovun daxili aləminin zənginliyindən xəbər verir və “Sənəti yaşadan unudulmaz” fikrini bir daha sübut edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts