Tokio, 29 yanvar , /AJMEDIA/
“ASAN xidmət” uğurlu fəaliyyəti ilə Azərbaycanın əqli mülkiyyəti kimi beynəlxalq miqyasda tanınıb və bir çox ölkələrə bu modeli tətbiq etməkdə ilham verib. Bu uğur BMT-nin mükafatı kimi bir sıra beynəlxalq səviyyədə ad qazanmaqla təsdiq edilib. Bundan əlavə, 20-dən çox ölkə və beynəlxalq təşkilatlarla əməkdaşlıq memorandumlarının imzalanması da “ASAN xidmət”in uğurlu fəaliyyətinin nəticəsidir”.
AJMEDIA xəbər verir ki, bunu Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq “ASAN xidmət”lə Koreya Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyi arasında “Mərkəzləşdirilmiş Dövlət Xidmətləri Çağrı Mərkəzinin optimallaşdırılmasında Süni İntellektin Tətbiqi” kiçikhəcmli inkişafa rəsmi yardım layihəsi çərçivəsində təhvil-təslim protokolunun imzalanma mərasimində deyib.
Səfirin sözlərinə görə xarici arenada qazanılan uğurdan əlavə Azərbaycan vətəndaşlarının “ASAN xidmət”dən məmnunluğunun 99.8 faiz təşkil etməsi onu deməyə əsas verir ki, bu, xalqın doğurdan da sevimli qurumudur. Buna imkan verən inteqrasiyalı yanaşma, eyni zamanda dövlət xidmətlərinin şəffaf və səmərəli təqdim olunmasıdır: “ASAN xidmət” koreyalılar üçün də xüsusi əhəmiyyət daşıyır. Bu, hava limanında ASAN vizanın verilməsi köşkündə Koreya dili dəstəyinin olması ilə də əlaqədardır. Koreya dili dəstəyi özlüyündə Azərbaycana gələn koreyalı turistlər üçün xüsusi məna kəsb edir və iki ölkə arasındakı əlaqələrə müsbət təsir göstərir. Çox şadam ki, bizim ölkəmiz “Koreya Respublikasının 2023-cü il üzrə Kiçik Həcmli İnkişafa Rəsmi Yardım” proqramı çərçivəsində həyata keçirilən “Mərkəzləşdirilmiş Dövlət Xidmətləri Çağrı Mərkəzinin optimallaşdırılmasında Süni İntellektin Tətbiqi” layihəsi çərçivəsində “ASAN xidmət”də göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə dəstək göstərə bilir. Həmin layihə “ASAN xidmət”in Çağrı Mərkəzinə süni intellekt texnologiyasının tətbiq edilməsi ilə cavabsız vətəndaş zənglərinin sayını azaltmaq, zənglərin cavablandırılma sürətini artıraraq xidmətin səmərəliliyini yüksəltmək məqsədi daşıyır. İnformasiya texnologiyaları sahəsində dünya səviyyəsində güclü ölkə olan Koreya Azərbaycanla əlaqələrin dərinləşdirilməsi üçün gələcəkdə də “ASAN xidmət”lə əməkdaşlığa diqqət göstərəcək. Ümid edirəm ki, layihə vasitəsilə iki ölkə bir-birini daha yaxşı başa düşəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün müxtəlif imkanlar yaradılacaq”.