Rumıniyada Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl keçid planlarından danışılıb

Tokio, 10 noyabr , /AJMEDIA/

Energetika nazirinin müavini Samir Vəliyev Buxarestdə keçirilən 6-cı Rumıniya Beynəlxalq Qaz Konfransının regional təhlükəsizlik adlı nazirlər panelində çıxış edib.

Nazirlikdən AJMEDIA-ya bildirilib ki, 2022-ci ilin iyulunda Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığı, bununla da Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsinə və təbii qaz təchizatının artırılmasına zəmin yarandığı xatırladılıb. Bildirilib ki, o vaxtdan CQD-nin genişləndirilməsinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan, Avropa Komissiyası, beynəlxalq maliyyə təşkilatları və genişləndirilmiş infrastruktur vasitəsilə çatdırılacaq qazın təminatlı alınması üçün Avropadakı potensial alıcılarla intensiv əlaqələr davam etdirilir.

Nazir müavini Azərbaycandan Avropaya qaz ixracı ilə bağlı statistik məlumatları da bölüşüb: “2022-ci ildə Azərbaycan Avropaya 11,4 milyard kubmetr qaz ixrac etmişdisə, 2023-cü ildə bu həcmin 12 milyard kubmetrdən çox olacağı gözlənilir. Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz” yatağından tədarükün hər il 1 milyard kubmetr artırılması planlaşdırılır”.

Çıxışda Azərbaycanın gələcək qaz təchizatı mənbələrinə də toxunulub. Bildirilib ki, 2028-ci ilə qədər Xəzər dənizinin Azərbaycana məxsus hissəsində işlənməkdə olan seçilmiş yataqlardan, o cümlədən Ümid, Azəri-Çıraq Günəşli Dərin Qaz layihələri, eləcə də istismar olunan Abşeron yatağından böyük həcmdə təbii qazın bazara çıxarılması gözlənilir. Eyni zamanda, Azərbaycanın yaşıl enerji gündəliyi və enerji səmərəliliyi tədbirləri hesabına qənaət olunacaq qazın da əlavə tədarükün mühüm mənbəyi olacağı qeyd edilib: “2027-ci ilin sonunadək 1862 MVt gücündə külək və günəş elektrik stansiyalarının istifadəyə verilməsi planlaşdırılır ki, bu da 1 milyard kubmetrdən çox qazın sərbəstləşməsi deməkdir”.

Həmçinin bildirilib ki, Azərbaycan yaşıl enerji ölkəsi kimi inkişafı ilə bağlı bütün strateji məqsədlərini reallaşdırmaq, Avropanın enerji təhlükəsizliyinə və yaşıl keçidə töhfə vermək əzmindədir və bu məqsədlə bərpa olunan enerjinin istehsalı və ixracı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, yaşıl enerji sahəsində ilkin mərhələdə dörd ölkəni əhatə edən beynəlxalq əməkdaşlıq platforması da yaradılıb. Reallaşdırılacaq külək elektrik stansiyalarından ötürücü xətlər, o cümlədən Qara dəniz sualtı kabeli vasitəsilə Xəzər dənizini Avropa ilə birləşdirən “yaşıl enerji” dəhlizinin yaradılması layihəsi üzərində işlərin getdiyi qeyd edilib. İlkin mərhələdə 4 QVt gücün Qara dəniz vasitəsilə Avropaya, 1 QVt həcmin isə Naxçıvan vasitəsilə Türkiyə və Avropaya ixracı nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts