Tokio, 10 Noyabr, /AJMEDIA/
Latviya Seymində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Roman Naudinş Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildiriblər ki, latviyalı deputat 30 ilə yaxın Ermənistanın hərbi işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin birinci ildönümü – 8 Noyabr- Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirərək münaqişəyə son qoyub.
O diqqətə çatdırıb ki, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi yeni reallıqlar və regionda davamlı sülhün qurulması üçün tarixi imkan yaradıb. Latviyalı deputat münaqişədən sonrakı dövrdə Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq təşəbbüslərini alqışladıqlarını qeyd edib.
Roman Naudinş məktubunda Latviya ilə Azərbaycan arasında inkişaf edən strateji tərəfdaşlığa yüksək qiymət verdiyini bildirib, əməkdaşlığın müxtəlif sahələrini əhatə edən və parlaq perspektivləri olan bu möhkəm münasibətlərin əhəmiyyətini vurğulayıb.
O, Latviya Seymində Latviya-Azərbaycan dostluq qrupunun rəhbəri kimi parlamentlərimiz arasında dialoqun dərinləşməsinin tərəfdaşlığımızın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.