Tokio, 24 mart , /AJMEDIA/
Quba rayonu Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseydə Azərbaycan Skautlar Assosiasiyasının iki layihəsi start götürüb.
Azərbaycan Skautlar Assosiasiyasından bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Məktəblərdə skaut klublarının yaradılması” layihəsində, ümumilikdə, Azərbaycanın müxtəlif bölgələrindən müraciət etmiş 280 müəllim arasından 30 nəfər seçim turundan keçərək iştirak haqqı qazanıb. Məktəblilərin öyrənmə prosesini skaut metodu ilə dəstəkləmək, yeni tədris üsullarını kəşf etmək və nəzəri biliklərini təcrübədə istifadə etmək, təhsil keyfiyyətini artırmaqla yanaşı, şagirdlərin xarakter, sosial inkişafına töhfə vermək layihənin əsas məqsədləri sırasındadır.
Paralel olaraq Gənclər Fondunun dəstəyi ilə gənclər üçün “Liderlik təlimi” keçirilir. Skaut fəaliyyətinə maraq göstərən 100-ə yaxın gənc bu layihənin seçim turunda iştirak edib. Yalnız sosial fəaliyyətləri ilə seçilən və özünüinkişafa həvəsli olan gənclər arasından 30 nəfər müsabiqə mərhələsini keçərək layihədə iştirak haqqı qazanıb. Əsas məqsəd yeniyetmə və gənclərin inkişafına töhfə vermək, liderlik prinsiplərini aşılamaq və ən əsası sosial inkişafını artırmaqdır. Əsl lider sağlam əlaqələr qurmağı, komanda yaratmağı və öyrədici təcrübələrini bölüşməyi bacarmalıdır. Hər iki layihənin təlim proqramına sağlam həyat tərzi forması, fiziki-zehni fəaliyyətlər və yaradıcı- maarifləndirici məşğələlər daxildir. Təlim proqramı Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən milli mədəni proqramlar təşkil olunur və iştirakçılar müxtəlif bölgələrə xas milli təamları nümayiş etdirirlər. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.