Tokio, 8 yanvar , /AJMEDIA/
Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.
Qubadakı 5 saylı Yol İstismarı MMC-nin rəisi Gülağa Əliyev bildirib ki, daha təhlükəli sayılan Quba–Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Səhər saatlarına olan məlumata görə yolun hərəkət hissəsinə 12-15 santimetr qar yağıb. Hazırda ağır texnika ilə təmin edilən növbətçi briqadalar yolun qardan təmizlənməsi üçün səfərbər edilib.
Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində məhdudiyyət yoxdur. Amma təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur.
Qubanın rayon mərkəzində 8, Qrız kəndində 18, Xaltanda 12 santimetr hündürlüyündə qar qeydə alınıb.
Bütün şimal bölgəsində qar yağmaqda davam edir.