Tokio, 29 iyun, /AJMEDIA/
İrana uranın zənginləşdirilməsi işini bərpa etmək üçün bir neçə ay vaxt lazımdır.
AJMEDIA xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi “CBS News” telekanalına deyib.
“Deyərdim ki, onlar bir neçə ay və ya daha az müddət ərzində fırlanan və zənginləşdirilmiş uran istehsal edən çoxsaylı sentrifuqalara sahib ola bilərlər”, – deyə Qrossi bildirib.
Telekanal qeyd edir ki, İran nüvə obyektlərinə hücumlardan əvvəl çəkisi 408,6 kiloqram olduğu təxmin edilən 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini və ya hamısını köçürmüş ola bilər. Bu material, əgər daha da işlənərsə, nəzəri cəhətdən doqquzdan çox nüvə bombası istehsal etmək üçün kifayət edə bilər.
Qrossi bununla bağlı etiraf edib: “Biz bu materialların harada ola biləcəyini bilmirik”.
“Deməli, onların bəziləri hücumda məhv edilmiş ola bilər, lakin bəziləri yerindən “tərpənib”. Ona görə də nə vaxtsa biz bunu aydınlaşdırmalıyıq. Harada olduğunu və nə baş verdiyini müəyyən və təsdiq etməyi bacarmalıyıq”, – deyə Qrossi əlavə edib.