QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar

Tokio, 23 iyun , /AJMEDIA/

İyunun 22-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar.

AJMEDIA xəbər verir ki, forum iştirakçıları rəsədxanada astronomiya sahəsində aparılan elmi araşdırmalarla tanış olub və mütəxəssislərin müşahidələrini dinləyiblər. Gənclər rəsədxananın müasir avadanlıqları və texnologiyaları haqqında məlumat alaraq, kosmosun və Yer atmosferinin iqlim dəyişikliyinə təsirlərini öyrəniblər. Bu ekskursiya iştirakçılara elmi tədqiqatların və texnoloji inkişafların iqlim dəyişikliyi ilə mübarizədə nə qədər vacib olduğunu bir daha xatırladıb, onların bu sahəyə olan marağını artırıb.

Qeyd edək ki, Bakı və Şamaxı şəhərlərində beş gün davam edən Forumda QHGT-nin bir sıra milli bölmələrinin nümayəndələri, yerli və əcnəbi gənclər, həmçinin dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri kimi yüksək səviyyəli qonaqlar və ekspertlər iştirak ediblər. Forum müddətində gənc iştirakçılar mədəniyyətlərarası qarşılıqlı əlaqə üçün imkanlar əldə ediblər. Tədbir proqramına liderlik bacarıqlarını artırmaq, mədəni mübadiləni təşviq etmək və xüsusilə, mühüm qlobal problemləri həll etmək üçün nəzərdə tutulmuş müxtəlif sessiyalar daxil edilib.

Xatırladaq ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi QH Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 59 milli bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəalı Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts