Tokio, 8 noyabr , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Qaradağ rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib
Xalqımızın tarixində çox əlamətdar olan 8 Noyabr – Zəfər Günü münasibəti ilə Lökbatan qəsəbəsi Əli Əmirov adına Mədəniyyət Sarayında “Zəfər Günün mübarək Azərbaycan” adlı bayram tədbiri keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Şura üzvləri, şəhid ailələri və qazilər, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Əvvəlcə Azərbaycan Dövlət Himni səsələndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xalqımızın Zəfər salnaməsinə həsr edilmiş videoçarx nümayiş edilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək bildirib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib.
Sonra tədbir bədii proqramla davam edib. Bayram konsertində Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradov, Əməkdar artist Almaz Orucova, əməkdar mədəniyyət işçisi Aşıq Əli, Lökbatan Mədəniyyət Sarayının solisti və rəqqasları, 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin, Müşfiqabad Mədəniyyət Evinin, 28 və 9 nömrəli musiqi məktəblərinin şagirdləri vətənpərvərlik mövzusunda mahnılar oxuyublar.
Bayram tədbiri atəşfəşanlıqla yekunlaşıb.