“Qaraca qız” tamaşasının premyerası olub

Tokio, 3 iyun , /AJMEDIA/

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbiyyatımızın parlaq klassikləri hesab olunan Süleyman Sani Axundovun və Abdulla Şaiqin “Qaraca qız” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, səhnə əsərində rolları Əməkdar artistlər Qəmər Məmmədova, Elnur Hüseynov, Mehriban Abdullayeva, Gülər Nəbiyeva və digər aktyorlar ifa edirlər.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyev, rejissor assistentləri Sona Mikayılova, Gülnar Əlövsətqızı, rəssamı Nisə Hətəmova, musiqi tərtibatçısı isə İradə Muradovadır.

Tamaşa cəmiyyətdəki təbəqələşmənin, varlı, kasıb ayrı-seçkiliyinin insanlara vurduğu zərbədən, onların həyatında yaratdığı faciələrdən bəhs edir. Valideynlərini itirən Tutu adlı qız qaraçılar tərəfindən qaçırılır, ancaq o sonradan qaraçı dəstəsindən ayrı düşür. Bir təsadüf Tutunu varlı Hüseynqulu ağa ilə rastlaşdırır. Hüseynqulu ağa onu meşədən öz evinə gətirir. Hər kəs onu Qaraca qız deyə çağırmağa başlayır. Qaraca qız Hüseynqulu ağanın qızı Ağca ilə tanış olur. Qızların həyat şəraiti fərqli olsa da, onlar bir-birinə mehribanlıq göstərir, dostluq edirlər. Ancaq Ağcanın anası Pəricahan xanım Qaraca qızı sevmir, onları bir-birindən ayırır. Qaraca qız bağban Piri babanın yanında yaşayır. Lakin günlərin birində Qaraca qız dostu Ağcanı ölümdən xilas etmək üçün öz həyatını qurban verməkdən çəkinmir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts