Qarabağın dağıdılmış məbədləri: erməni vandalizminin ifşası

Tokio, 16 yanvar , /AJMEDIA/

CBC telekanalında “Qarabağın dağıdılmış məbədləri: erməni vandalizminin ifşası” adlı film nümayiş etdirilib. Filmin ssenari müəllifi və rejissoru teleaparıcı, Azərbaycanın Rus İcmasının sədrinin müavini Anastasiya Lavrinadır. Bu ekran işində tamamilə dağıdılmış və ya “erməniləşdirilmiş” çoxsaylı məbədlər haqqında söhbət açılır. Filmdə həm də ermənilərin Cənubi Qafqaza köçürülməsi və Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistan ərazisində Azərbaycan irsinin tədricən məhv edilməsi barədə məlumat verilir.
Anastasiya Lavrina AZƏRTAC-ın suallarını cavablandıraraq bildirib ki, bu filmi yaradarkən onun əsas motivasiyası təqribən 30 il işğal altında saxlanmış Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilmiş əməllər barədə həqiqəti dünyaya göstərmək arzusu olub. O deyib: “Bu film erməni təbliğat maşınına daha bir güclü zərbədir. Qarabağ münaqişəsi dövründə Ermənistan bunu dinlərarası münaqişə kimi göstərmək cəhdlərindən əl çəkməyib, Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra isə, İrəvan əsassız olaraq Bakını guya Qarabağdakı xristian mədəni irsini məhv etməkdə təqsirləndirməyə başlayıb, bu zaman Qafqaz Albaniyasına aid abidələri erməni xalqının tarixinə dair “maddi sübut” kimi təqdim etməyə çalışıb. Ermənistanın ən yaxın müttəfiqi olan Fransa erməni lobbisinin səyləri ilə erməni irsini qoruyub saxlamağa çağırır, lakin erməni işğalı illərində törədilmiş dağıntılar barədə susmağı üstün tutur. Buna görə mübarizə aparmaq, erməni vandalizminə dair real faktlar təqdim etməklə həqiqəti dünyaya çatdırmaq lazımdır. Qoy dünya bilsin ki, işğal illərində təkcə məscidlər deyil, pravoslav və alban məbədləri də məhv edilib. Qoy dünya bilsin ki, Ermənistan saxtalaşdırmalar yolu ilə çoxsaylı alban məbədlərini “özününküləşdirib”. Mən bu filmi dünyanın müxtəlif ölkələrində geniş auditoriyaya təqdim etmək niyyətindəyəm”.
Qeyd etmək lazımdır ki, 2021-ci ildə Anastasiya Lavrina “Erməni separatçılarının Qarabağda məbədlərlə müharibəsi” adlı filmini təqdim edib. Bu filmdə Rus Pravoslav Kilsəsinin Azərbaycanın Xocavənd rayonundakı məbədi barədə, onun erməni işğalı illərində tamamilə dağıdılması haqqında söhbət açılır. Böyük marağa səbəb olmuş bu film bir neçə dilə tərcümə edilib və bir sıra Avropa ölkələrində onun təqdimatı keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts