Qarabağa, Azərbaycanın mirvarisi Şuşaya getmişdim…

“Şuşa bizim qələbələrimizin rəmzidir,
eyni zamanda sülhün rəmzidir!”

İlham Əliyev

Tokio, 24 iyul , /AJMEDIA/

Azərbaycanın ayrılmaz parçası Qarabağa, mədəniyyətimizin paytaxtı Şuşaya getmək axır ki, mənə də qismət oldu. Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşı mənə zəng edib diaspor fəallarının Şuşaya təşkil ediləcək növbəti səfəri üçün tərtib edilən siyahıya mənim də adımın daxil edildiyini bildirəndə qulaqlarıma inanmadım. Çünki bir dəfə, daha dəqiq 2022-ci ilin aprelində aldığım belə bir təklif sonradan həyata keçməmişdi.
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən bu səfərlərin təşəbbüskarlarından birinin mənim olmağıma baxmayaraq, bu arzum müxtəlif səbəblər görə həyata keçməmişdi. Yaxşı xatırlayıram, 2021-ci ilin yayında növbəti məzuniyyətimlə əlaqədar Bakıda olduğum vaxt komitədən zəng edərək məni Qurtuluş Günü ilə əlaqədar tədbirə dəvət etmişdilər. Həmin tədbirdə dünyanın 30-dan çox ölkəsindən gəlmiş diaspor fəalları iştirak edirdi. Hamı Qurtuluş Gününün əhəmiyyətindən, həmin gün Bakıya qayıdan Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin xilas edilməsi və sonrakı inkişafındakı rolundan danışdı. Çıxış üçün mənə söz veriləndə bildirdim ki, əgər 1993-cü il iyunun 15-də Qurtuluş Günü olmasaydı və Ümummilli lider Heydər Əliyev hakimiyytə qayıtmasaydı, 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsində Böyük Zəfər də baş verməz, torpaqlarımız işğaldan azad edilməz, ümumiyyətlə Azərbaycan regionun lider dövlətinə çevrilməzdi.
Həmin tədbirdə Qarabağa, işğaldan azad edilmiş ərazilərə yardım, ermənilər tərəfindən dağıdılmış yaşayış məskənlərinin yenidən qurulmasında diasporun fəal iştirakı haqqında da fikirlər səsləndi, hər iki istiqamətdə müxtəlif təkliflər irəli sürüldü. Bildirildi ki, Vətən müharibəsi müzəffər ordumuzun Böyük Zəfəri ilə başa çatsa da informasiya müharibəsi hələ davam edir. Dünya mətbuatında üstünlüyə malik olan ermənilər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına güclü maneələr yaradırlar. Bunun qarşısını almaq üçün diaspor fəalları daha fəal olmağa, yaşadıqları ölkələrin kütləvi-informasiya vasitələrində ölkəmzlə bağlı həqiqətləri daha geniş yaymağa dəvət edildilər. Düzü bu çağırış məni daha da cəsarətləndirdi və üzərində artıq neçə müddətdir ki, çalışdığım və Yaponiyada Azərbaycan ilə əlaqədar xəbərlər portalının yaradılmasını nəzərdə tutan təklifimi komitəyə göndərmək qərarına gəldim. Çox çəkmədən həmin təşəbbüsün komitə tərəfindən dəstəklənməsi və maliyyə dəsətəyi göstərilməsi üçün Diaspora Dəstək Fonduna müraciət etməyim barədə cavab məktubu aldım. Həmin vaxt komitədə Yaponiya üzrə kurator olan, daşıdığı vəzifəyə çox böyük hörmət və məsuliyyətlə yanaşan əziz və dogma Gülmira xanımın və hələ ötən əsrin 90-cı illərindən gənclər hərəkatından tanıdığım, sonralar Gənclər və İdman Nazirliyində çiyin-çiyinə çalışdığım hörmətli Əkrəm müəllimin dəsətəyi ilə sentaybrın 1-də Azərbaycan və Yaponiya adlarını özündə birləşdirən ajmedia.jp (ingilis dilində bu ad belə səslənir – ey-gi – media) portalı üç dildə – Azərbaycan, yapon və ingilis dillərində fəaliyyətə başladı.
Həmin tədbirin mənim zehnimdə doğurduğu ikinci ideya isə məhz diaspor fəallarının Şuşaya səfərlərinin təşkili ilə bağlı idi. Bu fikrimi Gülmira xanım vasitəsilə Komitə rəhbərliyinə çatdırsam da həmin vaxt təhlükəsizlik tədbirləri davam etdirildiyinə görə, bu səfərlərin təşkilinin hələ tez olduğu bildirildi. Düşünürəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin hazırda böyük uğurla davam etdiridiyi və həmin vaxt mənim də təşəbbüsçülərindən biri olduğum həmin layihə mühüm əhəmiyyətə malikdir. Əvvəla, 2023-cü il iyulun 8-də, yəni bu layihənin irəli sürüldüyü vaxtdan təqribən iki il sonra həmin səfərdə ilk dəfə iştirak edən biri kimi, onun yüksək səviyyədə təşkilini vurğulamaq istəyirəm. İkincisi, həmin layihənin həyata keçirilməsinin ilk təşəbbüskarlarından biri olaraq onun əhəmiyyətini qeyd etməyi özümə borc bilirəm. Həmin vaxt bu təşəbbüsü irəli sürərkən mən ilk növbədə ermənilərin işğal altında olan ərazilərə vurduğu ziyanın miqyasının diaspor fəalları tərəfindən əyani şəkildə görülməsini və bu dağıntıların bərpası üçün lazım olan vəsaitin həcmini təsəvvür etmələrinin zəruruliyini düşünmüşdüm. Təbii ki, bu soydaşlarımız həm “Yaşat”, həm də “Qarabağa Yardım Fonduna” vəsaitin toplanmasında birbaşa iştirak etməklə yanaşı, həm də bu layihələrlə bağlı məlumatları geniş yayırlar. Digər tərəfdən, bu səfərin təşkilində məqsəd kimi həmin şəxslərin hazırda işlədikləri və ya yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin yayılması işində fəal iştirakı nəzərə alınıb, onlara aparılan quruculuq və bərpa işlərinin dinamikasını öz gözləri ilə görmək imkanının yaradılmasının vacibliyi əsas götürülüb. Nəzərə alsaq ki, həmin soydaşlarımız həm bu yaşayış məskənlərinin bərpası, həm də ermənilərin geniş yaydığı saxta informasiyaların qarşısının alınması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində yaxından iştirak edirlər məqsədin mahiyyəti daha aydın olar. Məncə dünya azərbaycanlılarının bir məqsəd ətrafında birləşdirilməsi ideyasına xidmət edən belə layihələri əsassız şəkildə tənqid etmək yox, əksinə var gücümüzlə ona dəstək olmağa çalışmalıyıq. Çünki bu layihələrin böyük əhəmiyyətə malik olduğunu yalnız mən yox, belə səfərlərə qatılan minlərlə diaspor fəalımız yaxşı başa düşür. Bunu bizimlə birlikdə həmin səfərdə iştirak edən soydaşlarımızın əksəriyyəti şəxsən mənə bildirdi. Mənim kimi, onlar da bu səfəri müqəddəs səfər adlandırmaqla yanaşı, onun böyük əhəmiyyətini xüsusi qeyd etdilər. Onların arasında yalnız azərbaycanlılar yox, Azərbaycan və Bakı şəhəri ilə sıx əlaqəsi olan milliyətcə başqa xalqların nümayəndələri də var idi. Buna baxmayaraq, onların hamısı bu fikirlə tam razı idi.
Ola bilər ki, Şuşaya müqəddəs səfərimizlə bağlı təəssüratlarımı bölüşmək istədiyim bu məqaləyə belə geniş giriş verməyimi bəziləri düzgün qiymətləndirməz. Lakin məqsədim digərlərindən fərqli olaraq, bu səfərin mənim üçün nə qədər əhəmiyyətli, nə qədər qürurverici və fərəhləndirici bir hadisə olduğunu hörmətli oxucularımıza çatdırmaqdan ibarətdir. Digər tərəfdən şəxsən mənim təşəbbüsüm və dəsətəyimlə həmin səfərdə olmuş insanalr barədə də məlumat vermək istərdim. Belə ki, ilk olaraq bu səfərə qatılmış mənim dostlarımı – Yaponiyanın “Bross border club 3.0” YouTube kanalının prodüsseri Kazuyasu İşidanın və Malayziyanın “Utusan Malayziya” qəzetinin müxbiri Thaqib Şakerin adlarını xüsusi qeyd etmək istərdim. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2021-ci ilin fevralında təşkil edilmiş işğaldan azad edilmiş ərazilərə əcnəbi jurnalistlərin səfərindən sonra həmin şəxslər geri qayıdaraq çalışdıqları kütləvi-informasiya vasitələrində çoxsaylı yazılarla çıxış etmişdilər. Həmin səfərin təsiri bu gün də onların Azərbaycan ilə əlaqədar hazırladıqları materiallarda açıq-aydın hiss edilir. Çox şadam ki, az da olsa mənim də zəhmətim olan bu səfərlər məhz bizim gözlədiyimiz nəticəni verib.
Bundan əlavə, 2022-ci ilin yayında Şuşada keçirilən Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsinin üzvləri arasında Yaponiyadan Zəhra Əliyeva və Leo Kələntər də olmuşdular. Həmin düşərgəyə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin zəmanəti ilə qatılan gənclərimiz tədbirin proqramına uyğun olaraq Şuşanın işğal dövründə dağıdılmış abidələri, Cıdır düzü, İsa bulağı, Molla Pənah Vaqifin məqbərəsi və digər tarixi abidələri ziyarət edərək, dövlət qurumlarının nümayəndələri, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə, tarixçi alimlər, incəsənət xadimləri və tanınmış blogerlərlə görüşlərdə iştirak etmişdilər. Eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlara qatılmışdılar.
Düşərgə zamanı “Azərbaycan diasporu və dövlət gənclər siyasəti”, “Dövlət qurumları ilə ictimai əlaqələrin qurulması”, “Layihələrin yazılması və “Fundraising” prosesinin təşkili”, “Azərbaycanın müstəqillik tarixi”, “Xalq diplomatiyasında və lobbi fəaliyyətinin qurulmasında diaspor gənclərinin rolu”, “Qarabağın inkişaf strategiyası”, “Şəbəkənin genişləndirilməsi və Azərbaycan Diaspor Gənclərinin (ADG) təqdimatı” mövzularında keçirilən panellər diaspor gəncləri tərəfindən maraqla qarşılanmışdı. Onlar ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək və yeni dostlar qazanmaq imkanları əldə etmişdilər. İstər Zəhra, istərsə də Leo Şuşada keçirilmiş həmin düşərgəyə qatılmalqalrına göstərdiyim köməyə görə mənə şəxsən minnətdarlıqlarını bildirimiş, bu səfərin onların yaddaşında əbədi qalacağını söyləmişdilər.
İndi isə şəxsən qatıldığım Qarabağa, Şuşaya səfərə qayıtmağın vaxtının çatdığını düşünürəm. Bu səyahətə çıxmazdan bir neçə gün əvvəl Avstraliyadan tanıdığım Tatyana Zemlinskaya mənə tezliklə Bakıya gələcəyini və “ajmedia.jp” portalının rus dili səhifəsinin təşkili ilə bağlı ötən ilin oktyabrında Melbrunda başladığmız müzakirələri davam etdirməyə hazır olduğunu yazmışdı. Düşündüm ki, Tatyana xanımın Şuşa səfərinə qatılması bunun üçün çox əlverişli imkan ola bilər. Bununla bağlı komitə ilə əlaqə saxladıqda Melburndan gələn köhnə dostumun da səfərə qatılacağı barədə xəbər məni çox seindirdi. Tatyana xanımla əlaqə saxlayaraq, tezliklə birlikdə müqəddəs bir yola çıxacağımızı və layihə ilə bağlı fikir mübadiləsi aparmaq üçün kifayət qədər vaxtımız olacağını bildirdim. O da bu xəbərə çox sevindi və tezliklə görüşəcəyimizə şad olduğunu bildirdi.
Komitədən səhər saat 6:30-da Heydər Əliyev adına Sarayın qarşısında toplaşmalı olduğumuzu və saat 7:00-da yola düşəcəyimizi bildirməsinə baxmayaraq, Şuşaya səfərin yaratdığı güclü həyacan məni səhərə kimi yatmağa qoymadı. Artıq saat 6:00-da, bəzi məsul əməkdaşlardan və səfər iştirakçılarından tez sarayın qarşısında idim. Qeydiyyatdan keçdikdən sonra Asiyadan olan diaspor fəallarının 3-cü avtobusda gedəcəyini öyrəndim. İstədiyimiz yerdə otura biləcəyimizi öyrəndikdən sonra, elə birinci sırada Tatyana xanımla özümə yer tutdum. Tezliklər digər qonaqlarla yanaşı, Tatyna xanım da Elman adlı tanışı ilə birlikdə bizə yaxınlaşdı. Onun mənimlə çox isti görüşünü maraqla müşahidə edən Elman ona daha ehtiyac olmadığını və işə tələsdiyini bildirərək bizimlə xudahafizləşdi.
Planda nəzərdə tutulduğu kimi, düz saat 7:00-da üç avtobusdan və iki polis avtomobilindən ibarət olan kortecimiz yola düşdü. Komitənin bizim avtobusa təhkim edilmiş əməkdaşları bu səfərin diaspor fəallarının Şuşaya sayca 9-cu səfərinin olduğunu, ona 24 ölkədən 100-dən çox soydaşımızın qatıldığını bildirdilər. Qeyd etdilər ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 21-ci və Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasının 5-ci ildönümü münasibətilə təşkil edilən səfər çərçivəsində iki saat yarımdan sonra Salyana çatacağıq, burada 30 dəqiqəlik istirahətdən sonra yola davam edəcəyik. Sonra vətənpərvərlik ruhunda səsələnən mahnılar, bizi müşaiyət edən komitə əməkdaşlarının diqqəti, sullarımızı hərətərfli cavablandırmaq bacarığı, istədiklərimizi müsbət qarşılamaları yolumuzu çox rahat etdi.
Bizim sol tərəfimizdə, qonşuluqda yerləşən kreslolarda əyləşmiş Səudiyyə Ərəbistanından gəlmiş adaşım Vüqar müəllimlə tezliklə ünsiyyət qurduq. Qızı ilə birlikdə qatıldığı səfərin əhəmiyyətini xüsusi vurğlayan adaşım Ordubadın Aza kəndində anadan olduğunu, uzun müddət Kanada da çalışdıqdan sonra bir neçə il əvvəl Səudiyyə Ərəbistanındakı dövlət xəstəxanasında cərrahiyə şöbəsinin müdiri vəzifəsində çalışmaq üçün bu ölkəyə köçdüyünü bildirdi. Qeyd etdi ki, səfərin çox vaxt aparmasına, Şuşada cəmi 5 saat olduqdan sonra elə həmin gün Bakıya qayıdacağımıza baxmayaraq, qızı ilə birlikdə Qarabağa səfər etmək, Azərbaycanın mədəniyyət paytaxtını görmək arzusu səfərin ağırlığı və yorucu olacağı barədə fikri tamamailə aradan qaldırıb. Onun bu sözlərini artıq kifayət qədər yaşlı olan Tatyana xanım da təsdiq etdi.
Tatyana xanım, həmçinin ötən ilin oktyabrında komitə sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avstraliyaya səfərindən sonra diaspora sahəsində işin xeyli fəallaşdığını da bildiridi. Qeyd etdi ki, komitə rəhbərliyinin belə səfərləri müxtəlif ölkələrdə yaşayan diasporamızın vahid məqsəd ətrafında daha sıx birləşməsi, Azərbaycan həqiqətlərinin bütün dünyada obyektiv şəkildə yayılması üçün soydaşlarımız arasında həmrəyliyin möhkəmlənməsi baxımından böyük əhəmiyyətə malikdir.
Doğrusunu deyim ki, Yaponiyaya təyinatımla bağlı 2011-ci ildə Tokioya yollandıqdan sonra məzuniyyət zamanı Bakıya qayıtdığım müxtəlif illərdə yalnız Naftalan və Şəki istiqamətlərində səfərlərdə olmuşdum. Buna görə də yolumuzun üstündə, Salyanda yerləşən “Hacıoğulları” restoranı öz müsair dizaynı və yüksək xidmət mədəniyyəti ilə məni heyrətləndirdi. Burada həqiqətən səyyahların dincəlməsi üçün çox rahat şərait yaradılmışdı. Həmin restoranda bir qədər dincəldikdən sonra yolumuzu davam etdirdik.
“Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində doqquzuncu dəfə gerçəkləşən səfər zamanı Azərbaycan inşaatçılarının qısa müddətdə tikdiyi “Zəfər Yolu”nu görməyi hamımız həyəcanla gözləyirdik. Yolun sağında və solunda ermənilərin daim atəşə tutmasına baxmayaraq, öz ata-baba yurdlarını tərk etməyən, bu torpaqlardan çıxmayan həmvətənlərimizi də seyr edir, onların bu qəhrəmanlığına, sadiqliyinə heyranlığımızı bildirirdik. İlk olaraq ordumuzun 2020-ci il sentyabrın 27-də azad etdiyi kəndlərdə – Qarvənd və Qaraxanbəyli kəndlərində gedən şiddətli döyüşlər barədə də bizə məlumat verildi. Həmin kəndlərin yaxınlığında ordumuzun bu döyüşlər zamanı verdiyi ilk şəhidin vurulduğu təpədə ucaldılan Azərbaycan bayrağını da böyük qürurla izlədik. Yol boyu düzülmüş şəhid fotoları bu torpaqların hansı qəhrəmanlıqla azad edildiyini bizə bir daha xatırladırdı.
Tezliklə 2020-ci ilədək mövcud olmuş cəbhə xəttində qurulmuş polis postuna çatdıq. Sənədlərimiz yoxlanarkən füsətdən istifadə edib yerə düşərək Qarabağın cənnət havasını ciyərlərimizə çəkdik. Yolun sağında və solunda ermənilərin böyük qürurla adlandırdığı, lakin qəhrəman ordumuzun qısa bir müddətdə darmadağın etdiyi “Ohanyan səddinin” təpələri aydın görünürdü. Azərbaycan polislərinin yüksək nəzakətlə apardığı yoxlamadan sonra azad edilmiş ərazilərə daxil olduq. Ermənilər əsil milli xüsusiyyətləri olan vandalizmə sadiq qalaraq, bu ərazilərdə bir ədəd olsun belə sağ-salamt ev və sosial obyekt qoymamışdılar. Bu tikililərdən yalnız dağılmış divarlar qalmışdı. Həmin dağıntılar ermənilərin Qarabağı heç vaxt özlərinin ana vətəni, öz torpaqları hesab etmədiklərini bir daha təsdiq edirdi. Yol boyunca guya dünyanın heç bir ordusunun aşa bilməyəcəyi “Ohanyan səddinin” qalıqları bizi sanki böyük qələbəmizin rəmzi olan Şuşaya müşaiyət edirdi. Tezliklə böyük tikinti işlərinin aparıldığı, demək olar ki, yenidən inşa olunan Fizuli şəhərinin yaxınlığından keçdik. Yolun sol tərəfində ermənilərin viran qoyduğu şəhərin xarabaları, sağında isə böyük sürətlə inşa edilən Fizuli arasında sanki bir ziddiyyət var idi. Həmin yolu avtomobillə keçənlər istər-istəməz bu ziddiyyəti hiss edirdilər. Bir qədər sonra şöhrəti artıq Yaponiyaya da gəlib çatmış Fizuli hava limanını uzaqdan seyr etdik. Yapon dostum Kazuyasu İşida Azərbaycana səfəri barədə hazırladığı video materiallarda bu aeroporta xüsusi yer ayıraraq, onun ən müasir tələblər səviyyəsində inşa edildiyini vurğulamışdı.
Bir qədər sonra azad edilmiş digər kəndlərin yaxınlığından da keçdik. Bələdçilərimiz Şuşa ilə yanaşı, bu yaşayış məskənlərində inşa edilən müasir infrastruktur və digər sosal obyektlər barədə bizə dayanmadan məlumat verirdilər. Şuşaya az qalmış Vətən müharibəsinin qəhrəmanı Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” təsnifinin yapon dilində tərcüməsini də sərnişnlərimizə təqdim etdik. Məlumat verərək bildirdik ki, Yaponiayda yaşayan Azərbaycan diaspor fəallarının təşəbbüsü ilə yapon dilinə tərcümə edilən təsnif yapon pianoçu Yusey İnui tərəfindən yerli lada uyğunlaşdırılmış və bu ölkədəki dostlarımız tərəfindən təqribən 10 şəhərdə səsləndirilərək videoya alınmışdı. Şəhid qəhrəman Xudayra hörmət olaraq yaponlar təsnifin “dastana döndün” sözlərini Azərbaycan dilində saxlamışdılar. Təsnifin yapon dilində olan variantı sərnişinlər tərəfindən alqışlarla qarşılandı.
Şuşaya daxil olmazdan əvvəl Rusiya sülhməramlılarının və bizim əsgərlərin qoruduğu Xankəndinə gedən yolun üzərində quraşdırılmış nəzarət-buraxılış məntəqələrinin yaxınlığından keçdik. Bu postların tezliklə ləğv olunması barədə arzularımızı səsləndirərk Şuşaya daxil olduq. Təbii ki, həmin an keçirdiyimiz qürur və fərəh hisslərini yalnız Böyük Zəfərdən sonra Şuşada olanlar başa düşə bilər.
“Xarıbülbül” mehmanxanasının restoranında nahar etdikdən sonra dərhal şəhərin görməli yerlərinə baxmağa yollandıq. Səfər proqramına uyğun olaraq “Bazarbaşı” meydanını, Cıdır düzünü, “Güllələnmiş heykəllər”in yerləşdirildiyi meydanı, Azərbaycan və Türkiyə liderləri tərəfindən Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evinin qalıqlarını, “Xan qızı bulağı”nı, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Saatlı və Yuxarı Gövhərağa məscidlərini və digər görməli yerləri ziyarət etdik. Diaspor nümayəndələrinə Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verildi. Səfərin sonunda Cıdır düzündə Azərbaycanın böyük bayrağını açaraq foto çəkdirdik. Bu xoşbəxtliyi, qürurverici anları xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycanın qalib Ordusuna minnətdarlığmızı ifadə etdik. Eyni zamanda, bizə xüsusi diqqət və qayğı göstərən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarına təşəkkürümüzü bildirdik.
Qeyd etmək yerinə düşər ki, komitə tərəfindən Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrə uyğun olaraq xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bu tövsiyyəyə müvafiq olaraq komitə 2021-ci ildə dörd dəfə, 2022-ci ildə üç dəfə, 2023-cü ildə isə bir dəfə diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. Düşünürəm ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.
Bununla yanaşı, komitə tərəfindən mütəmadi olaraq beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük rol oynayan xarici jurnalistlərin və elm adamlarının Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərləri təşkil edilir.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, 2018-ci ildən başlayaraq dünyanın müxtəlif ölkələrindəki diasporumuzu əlaqələndirmək məqsədilə təşkil edilən Koordinasiya Şuraları və Azərbaycan Evləri kimi layihələr diaspor işinin daha da geniş vüsət almasına, soydaşlarımızın daha sıx birləşməsinə ciddi təkan verib. Xaricdəki həmvətənlərimizin Azərbaycana bağlılığını daha da artırmaq məqəsədilə atılan bu addımlar nəticəsində həmin sahədə uğurlar daha da artıb. Xaricdə yaşayan diaspor nümayəndələri və təşkilatları ilə Azərbaycan dövlətinin əlaqələrinin möhkəmlənməsində də komitə əməkdaşlarının fədakar əməyinin nəticələri göz qabağındadır. Xüsusilə 2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi zamanı diasporumuz tərəfindən görülən işlərin əhəmiyyəti özünü daha qabarıq şəkildə göstərib. Diaspor təşkilatlarının əlaqələndirilmiş fəaliyyəti, bütün dünya üzrə bu təşkilatların nümayiş etdiridiyi həmrəylik nəticəsində ermənilərin və onların havadarlarının əks təbliğatı arzuladıqları sonluğa çatmadı. Bu məqsədlə düşmən tərəfin törətdiyi təxribatlar, yaratdığı maneələr isə işə yaramadı.
Xüsusən informasiya savaşında düşmənə vurulan ciddi zərbələr nəticəsində qazanılan uğurlar diaspor təşkilatlarımızı daha ciddi şəkildə birləşdirdi. Həm sosial platformalarda, həm ənənəvi mətbuat səhifələrində, həm də beynəlxalq təşkilatlarda və müxtəlif ölkələrin hökumət qurumlarında mövzunun ciddi və əsaslı şəkildə qaldırılması hərbi sahədə əldə olunmuş qələbəni daha da gücləndirdi.
Heç kim şübhə etməsin ki, diaspor nümayəndələrinin Şuşa səfəri böyük hadisə olmaqla yanaşı, müqəddəs səfər kimi unudulmaz anların yaşandığı tarixi məqam kimi yaddaşlarda əbədi qalacaq. Eyni zamanda, bu səfərlər ilk növbədə Azərbaycan həqiqətlərinin tam real formatda beynəlxalq ictimaiyyətin, dünyanın digər xalqlarının diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyacaq. Həmçinin, xarici ölkələrdə erməni vandalizminin əsil mahiyyətinin açılması ilə birlikdə buna layiqli qiymət verilməsi işinə böyük töhfə verəcək. Düşünürəm ki, başqa xalqların nümayəndələrinin hər hansı mətbuat orqanı vasitəsilə deyil, öz real qonşularından və ya dostlarından alacaqları bu real informasiyalar çox səmərəli olacaqdır.
Bununla yanaşı, soydaşlarımız tərəfindən yaşadıqları ölkələrdə yayılan həmin informasiyalar müharibədən sonrakı dövrdə hələ də Xankəndində məskunlaşan ermənilərin özlərini bütün dünyaya yazıq və humanitar böhrana məruz qalmış etnik qrup kimi göstərmək cəhdlərinin də qarşısının alınmasına mühüm təsir göstərəcək. Bu ağlaşmaların və sızlamaların həqiqətə uyğun olmadığını təsdiq edəcək.
Bütün bunları nəzərə alaraq, böyük zəhmət bahasına Şuşa səfərlərini təşkil edən komitə əməkdaşlarına minnətdarlığımızı bildirir, onlara bu lazımlı işlərində uğurlar arzulayırıq.
Şuşaya isə müraciət edərək deyirik: Əziz Şuşa, sən azadsan, sən bizimsən! İnanırıq ki, bu şəhərə növbəti səfərimiz zamanı səni daha gözəl, daha möhtəşəm və daha vüqarlı görəcəyik! Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, sən həqiqətən də sülhün rəmzi olacaqsan!

Vüqar Ağayev
AJMEDİA portalının təsisçisi
Bakı- Şuşa- Bakı



Follow us on social

Facebook Twitter Youtube

Related Posts