Tokio, 2 avqust , /AJMEDIA/
“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilən əlavə dəyişikliyə əsasən avqustun 1-dən hərəkət sürəti 50 km/saatdan yuxarı olan mopedlərin qeydiyyata alınması və sürücülük hüququ, yəni A1 kateqoriyasının tələb olunması anlayışları qanuni tələb kimi formalaşıb.
AJMEDIA xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlama verib. Bildirib ki, hazırda bu tip nəqliyyat vasitələrini idarə edənlər arasında təbliğat maarifləndirmə işi aparılır, qanunvericiliyin tələbləri izah edilir:
“Bakı şəhərində aparılan işlərin əsas məqsədi moped sürücülərini maarifləndirməkdir və onlara lazımi köməkliyin göstərilməsi, hüquqlarının qanunvericiliyə uyğun tənzimlənməsidir. İnzibati tədbirlərdə daha çox üstünlük ona verilir ki, həmin nəqliyyat vasitələri qeydiyyata qoyulmaqla onlar mopedləri idarə etmək hüququ yaradan sürücülük vəsiqələri ilə təmin olunsunlar. Bunlarla bağlı hazırda onlara zəruri köməkliklər göstərilir”.
Qeyd edək ki, Milli Məclis tərəfindən “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilən əlavə və dəyişiklik avqustun 1-dən qüvvəyə minib. Dəyişikliyə görə mühərrikinin işçi həcmi 50 kub/santimetr və daha çox, konstruktiv maksimal sürəti isə saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi bu gündən etibarən inzibati məsuliyyət yaradır.