Qanlı Yanvar hadisələri zamanı Azərbaycan xalqı birliyini nümayiş etdirdi

Tokio, 19 yanvar , /AJMEDIA/

Fizika İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. İlk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bu barədə AJMEDIA-ya institutdan bildirilib. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, institutun baş direktoru akademik Arif Həşimov 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində baş verən ən dəhşətli hadisələrdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qırğının təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qınamış, ifşaedici və cəsarətli bəyanat vermişdi. Ümummilli Lider bu hadisəni xalqa qarşı cinayət adlandırmışdı. O, 20 Yanvar hadisələrinə əsl siyasi qiymətin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra verildiyini vurğulayıb.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva bildirib ki, Azərbaycan xalqı Qanlı Yanvar hadisələri zamanı öz birliyini göstərdi. O, həmin dövrdə xalqın milli azadlıq, demokratiya, Azərbaycanın müstəqilliyi uğrunda, Qarabağ uğrunda birləşdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı eyni birliyi, həmrəyliyi II Qarabağ müharibəsində də göstərdi. Xalqın mübariz oğulları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu altında birləşərək torpaqlarımızı düşmən əsarətindən azad etdilər. O, Azərbaycana qarşı yürüdülən işğalçı siyasətə baxmayaraq, dövlətimizin müstəqilliyini qoruya bildiyini, gündən-günə inkişaf etdiyini bildirib.
Tədbirdə, həmçinin fizika-riyaziyyat elmləri doktoru Kamil Qurbanov, fizika üzrə fəlsəfə doktoru Həsən Əsgərov və Fizika İnstitutu Yeni Azərbaycan Partiyasının ərazi üzrə partiya təşkilatının sədri fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova çıxış ediblər. Onlar 20 Yanvar faciəsi, onun nəticələri, SSRİ rəhbərliyinin cinayətkar əməllərindən danışıblar. Bu hadisələrə əsl hüquqi-siyasi qiymətin verilməsinin məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu vurğulayıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts