Tokio, 17 fevral , /AJMEDIA/
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AJMEDIA Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.
Çaykənd Qaraqoyunlu mahalı ərazisində, Çəmbərək rayonunda, Dilican şəhərindən 30 kilometr, Karvansaraydan 32 kilometrlik məsafədə, Mixaylovka-Dilican-Karvansara avtomobil yolunun üstündə, Tərsa çayının sahilində yerləşir.
Qərbi azərbaycanlıların 1988-ci il deportasiyasına qədər kənddə ancaq azərbaycanlılar yaşayıb.
“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə (1727) Gəncə livasının Qaraqaya nahiyəsinin “Çaykənd kəndi və Kosakənd məzrəsi” kimi qeydə alınıb.
1897-ci ildə kənddə 754 nəfər, 1904-cü ildə 660 nəfər, 1914-cü ildə 677 nəfər, 1916-cı ildə 722 nəfər, 1919-cu ildə 847 azərbaycanlı yaşayıb.
1919-cu ilin yazında – Novruz bayramında Andranikin daşnak qoşunu Karvansaray-Dilican istiqamətində Çayqarışandan Qaraqoyunlu dərəsindəki kəndləri dağıtmaq, talamaq, əhalini qılıncdan keçirmək məqsədilə hücuma keçib. Erməni daşnak dəstələrinin qarşısının alınmasında və kənd əhalisinin bölgədən sağ-salamat çıxarılmasında Qaraqoyunlu dərəsinin kovxası Mehralı Hasanxan oğlunun əvəzsiz xidməti olub.
Bölgədə sovet hakimiyyəti qurulduqdan sonra, 1922-ci ildən etibarən kəndin qaçqın əhalisi geri dönüb. 1922-ci ildə Çaykənddə 569 nəfər, 1926-cı ildə 616 nəfər, 1931-ci ildə 662 nəfər, 1959-cu ildə 809 nəfər, 1970-ci ildə 1140 nəfər, 1979-cu ildə 1096 nəfər, 1987-ci ildə 1110 azərbaycanlı əhali yaşayıb.
Kənd 1937-ci ilin sonunadək Dilican rayonunun tərkibində olub, 1938-ci ilin əvvəlindən 1988-ci ilin dekabrına qədər isə Çəmbərək rayonunun ərazi vahidində yerləşib.
1948-1953-cü illərdə Çaykənddən 70-dən çox ailə Azərbaycana deportasiya olunub. Onlar Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarında, Gəncə, Sumqayıt, Bakı şəhərlərində məskunlaşıb.
1988-ci il ildə kənddə 1250 azərbaycanlı əhali yaşayırdı. Onlar noyabrın 28-dək sonuncu adamına qədər qovulub kənddən çıxarılıb, bütün var-dövlətləri ermənilər tərəfindən mənimsənilib. Kənd sakinləri Həmid İsmayılov və Süsən Tanrıverdiyeva bu barədə belə yazırlar: “Noyabrın 25-də kəndimizə yeddi-səkkiz “İkarus” avtomaşını ilə erməni gətirmişdilər. Bizi çölə töküb, evimizi onlara verdilər. Ev əşyalarımızı da götürməyə qoymadılar.”
1988-ci il deportasiyası zamanı kənd sakini Nəsir Albaba oğlu Əhmədov ermənilər tərəfindən öldürülüb.
1991-ci il aprelin 19-da kəndin adı dəyişdirilərək Dprabak qoyulub.
* * *
Cantəpə yaylağı Çaykəndin örüşündə yerləşir və iki yaxın təpəni əhatə edir. Hər iki təpənin köksündən buz kimi bir neçə soyuq bulaq axır.
Qaraqayadan Gölkəndə tərəf getdikdə sol tərəfdən Tərsa çayına Qarasu adlı kiçik bir çay qarışır. Həmin çay mənbəyini Qarasu, Qara taxta adlı yerlərdən, Murğuzdan götürür. Çaykənd həmin Qarasu çayının Tərsa çaya birləşdiyi yerdən başlayırdı. Həmin yerdən bir qədər aralı Avdı qayasını keçdikdən sonra Oğrudərə adlı dayaz bir dərə, kəndin qurtaracağında isə Gödəkdərə adlı dərə Qaraqoyunlu dərəsi ilə birləşirdi. Kənd Tərsa çayının (sonralar ermənilər bu çayı Getik adlandırıblar) sağ və sol sahillərində yerləşirdi. Çaykəndin təxminən orta hissəsindəki Tərsa çayı üzərindəki körpüdən çayın soluna keçdikdə, qarşıya sərt bir dağ çıxırdı. Bura Kirdivan adlanırdı. Kirdivanın sinəsindən salınmış dolama yol dağın başına qalxırdı.
Mixaylovka-Dilican-Karvansara avtomobil yolu kimi, Tərsa çayı da kəndi iki yerə bölürdü və kəndin qərb hissəsi Quzey, şimal hissəsi Güney adlanırdı. Kəndin Quzey hissəsi meşəliklə əhatə olunmuşdu. Bu səmtin 3-7 kilometrində meşələrin içində Bəryabad və Əmirxeyir kəndləri yerləşirdi. Bu meşəlikdə olan talalarda əkin yerləri və 6-7 kilometr uzaqlıqda dağ ətəyində biçənək, otlaq və əkin yerləri vardı. Kəndin Güney tərəfi isə çılpaqlıq, seyrək meşəliklə əhatə olunmuşdu. Bu ərazinin çox hissəsini otlaq yerləri təşkil edirdi.
Çaykənddən Əmirxeyirə gedən yolun üstündəki Girdiman məhəlləsi Girdiman dövlətinin adını yaşadırdı.
Çaykənd ərazisində, Tərsa çayının sahilindən xeyli aralı üz-üzə dayanan iki qalanın divarları son illərə qədər qalırdı. Kəndin yaşlı adamlarının dediyinə görə, burada iri göl olmuş, bu qalalardan adamlar gəmi ilə gölün o biri tərəfinə keçərmişlər. Çaykənddən 5 kilometr yuxarıda Gölkənd adlı kəndin yerləşməsi və burada bir neçə gölün mövcudluğu da deyilənləri təsdiqləyir.
Kəndin əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, bağçılıq, bostançılıq, tütünçülük və arıçılıq olub.
Çaykənd ərazisində çoxlu oğuz qəbirlərinin olması onun qədim tarixini sübut edən mühüm faktlardandır. Bu xarabalıqların hamısının yaxınlığında qəbiristanlıqlar var.
Xalq arasında indi də boyu uzun adamlara “deyən oğuzdur”, bu cür uzun olan adamların ölüsünə isə “elə bil oğuz ölüsüdür” deyirlər. Qədim qəbirlərin uzunluğu, orada tapılan qol, ayaq, baş sümüklərinin uzun və nəhəng olması buna bir daha şahidlik edir.
Çaykənd ərazisindəki xarabalıqlar bu yerlərdəki qədim yaşayış məskənlərinin nişanələri idi: Çatal çınqıl, Quzey kalafası, Şamın kalafası, Malağan xırmanı, Kərtdəş oğuz qəbri, Qara çuxur, Qazan düşən. Bu xarabalıqların hamısının yaxınlığında qəbiristanlıqlar vardı və bu qəbiristanlıqların heç birində erməni nişanəsinə – erməni xaçına və ya erməni yazısına rast gəlmək mümkün deyildi.
Kənddə yaşayan tayfaların əksəriyyəti Qaraqoyunlu türklərinin Alpavut, Qaramanlı və Düyərli boylarının törəmələri olub.