Tokio, 24 aprel , /AJMEDIA/
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər.
AJMEDIA xəbər verir ki, mərasimdə çıxış edən Prezident İlham Əliyev dedi:
– Möhtərəm Sadır Nurqojoyeviç.
Hörmətli qonaqlar, əziz dostlar.
Bu gün Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq.
Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur.
Azərbaycanda onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyirdilər. Xatirimdədir, o, vəfatından bir az əvvəl Azərbaycana səfər etmişdi və mən onunla görüşmək, bir çox məsələlərdə uzun söhbət aparmaq imkanı əldə etdim. Həmin gün mən onu ehtiram əlaməti olaraq və münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif etdim. O, hər zaman haqq-ədalətin tərəfində olub. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır.
Mən Qırğızıstanda dövlət səfərində olarkən onun məzarını ziyarət etdim və Azərbaycan xalqının onun xatirəsinə olan dərin ehtiramını bildirdim.
Əlamətdar haldır ki, abidə Qırğızıstan Prezidentinin dövlət səfəri çərçivəsində açılır. Bu gün biz bir çox məsələlər, o cümlədən humanitar əməkdaşlıq məsələləri ilə bağlı çox səmərəli və mühüm danışıqlar apardıq. Bildiyiniz kimi, bu günlərdə Bakıda Qırğızıstan Mədəniyyəti Günləri keçirilir və rəmzi haldır ki, məhz belə təntənəli tədbirlər və dövlət səfəri çərçivəsində Bakı şəhərinin mərkəzi küçələrindən biri olan Azadlıq prospektində biz bu gün bu tədbirdə iştirak edirik.
Mən Azərbaycan və Qırğızıstan xalqlarını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istərdim. Çingiz Aytmatovun Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək. Həm də demək istərdim, əminəm ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir və əlbəttə, hamımızın təəssüfləndiyimiz yeganə məqam onun dünyasını çox tez dəyişməsidir. Bu, çox gözlənilməz oldu, artıq qeyd etdiyim kimi, mən onunla Bakıda onun vəfatından bir qədər əvvəl, demək olar ki, bir neçə ay əvvəl görüşmüşəm və o, həmişə olduğu kimi, enerji ilə dolu idi və yaxşı görünürdü, öz planlarından danışırdı. 2008-ci il idi, amma mən bu görüşü dünən kimi xatırlayıram.
Hamımızı bir daha təbrik edirəm, bir daha bu xoş sözləri deyirəm, xoş gəlmisiniz, hörmətli cənab Prezident. Əminəm ki, Qırğızıstan ilə Azərbaycanın, xalqlarımızın dostluğu və qardaşlığı əbədi olacaq. Sağ olun.
x x x
Qırğızıstan Prezidenti Sadır Japarov dedi:
– Hörmətli İlham Heydər oğlu.
Hörmətli dostlar. Bu gün biz gözəl Bakı şəhərində böyük bir hadisəni – öz istedadı və insan ruhunu dərindən dərk etmək məharəti ilə dünyamıza işıq salan görkəmli qırğız yazıçısının və bütün türk xalqının oğlunun abidəsinin açılışını qeyd etmək üçün toplaşmışıq.
Qırğızıstan adından Azərbaycan Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevə ölkəmizə və Çingiz Aytmatova olan ehtiramına görə təşəkkürümü bildirirəm. Bu abidə Çingiz Aytmatovun yaradıcılıq irsinə böyük hörmət və ehtiramın ifadəsidir.
Möhtərəm İlham Heydər oğlu, əziz dostlar, sevindirici haldır ki, Azərbaycan tərəfi ölkələrimiz arasındakı mədəni əlaqələrə böyük diqqət yetirir. Bu, xalqların yaxınlaşması baxımından son dərəcə vacibdir. Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi münasibətlərimizdə əlamətdar hadisədir. Biz bilirik ki, Çingiz Aytmatov Azərbaycanın böyük dostu idi və onun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə dostluğunu xüsusilə vurğulamaq istərdim. Onların münasibətləri unikal və dayanıqlı idi. Hər iki şəxsiyyət tarixdə silinməz izlər qoyub. Heydər Əliyev onu yazıçı və ziyalı şəxs kimi yüksək qiymətləndirirdi. O deyirdi ki, dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş edən Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün Türk dünyasının qürurudur.
Möhtərəm İlham Heydər oğlu, Çingiz Aytmatovun yubileyinin qardaş Azərbaycanda yüksək səviyyədə keçirilməsinə Sizin şəxsi töhfənizi də yüksək qiymətləndiririk. Fərmanınıza əsasən, Çingiz Aytmatov ilk dəfə 2008-ci il fevralın 25-də yüksək “Dostluq” ordeni ilə təltif edilib. Çingiz Torekuloviç, sadəcə, yazıçı deyildi, əsərləri ruhun dərinliklərinə nüfuz edən, bizi həyatın, sevginin, insan taleyinin mənası barədə düşünməyə vadar edən əsl söz dahisi idi. Onun “Cəmilə”, “Ağ gəmi” kimi əsərləri təkcə öz gözəlliyi və müdrikliyi ilə diqqəti cəlb etmir, həm də bizi onun böyük yaradıcılıq istedadına heyran qoyur. Bu abidənin Bakıda ucaldılması Qırğızıstanın və Azərbaycanın qardaş xalqları arasında dərin bağlılığın rəmzidir. Bu, Çingiz Aytmatovun yaradıcılığının hamımızı gözəllik, müdriklik və ahəngdarlıq uğrundakı vahid məqsəd ətrafında birləşdirdiyinin bariz sübutudur. Gənc nəslin ölkələrimizin qarşılıqlı münasibətlərinin tarixini, tarixi şəxsiyyətlərini, Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlıq səviyyəsini əzəldən müəyyən etmiş liderlərin rolunu bilməsi və dərk etməsi çox vacibdir.
İkitərəfli münasibətlər nöqteyi-nəzərindən qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin Qırğızıstana ilk səfəri 1995-ci ildə Heydər Əliyev tərəfindən, “Manas” dastanının 1000 illik yubileyinin qeyd edilməsi məqsədilə həyata keçirilib. Həmin vaxt o, bu kəlamları demişdi: “Biz bir-birimizi ürəyimizlə hiss edirik və başa düşürük”. Bu qısa, lakin çox təsirli və səmimi ifadə ilə o, Qırğızıstan və Azərbaycanın həqiqətən qardaş xalqlar olduğunu nəzərdə tuturdu. Bu gün açılışına toplaşdığımız abidə hər kəsin böyük yazıçı ilə təmasda ola biləcəyi, xatirəsini ehtiramla yad edəcəyi və yaradıcılığından ruhlana biləcəyi bir yerə çevriləcək. Qoy, bu abidə hər kəsə insan ruhunun əzəmətini və sözün gücünü xatırlatsın.
İcazə verin, bu abidənin yaradılmasına öz enerjisini, istedadını və vaxtını sərf etmiş hər kəsə dərin minnətdarlığımı bildirim. Qoy, bu abidə Çingiz Aytmatovun öz yaradıcılığında çox gözəl əks etdirdiyi dəyərlər ətrafındakı birliyimizin və əbədi bağlılığımızın rəmzi olsun.
Bir daha Azərbaycan tərəfinə səmimi-qəlbdən təşəkkürümü bildirmək və qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq arzulamaq istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
x x x
Dövlət başçıları Çingiz Aytmatovun abidəsi üzərindən ağ örtüyü götürdülər.
Qeyd edək ki, dünyaşöhrətli yazıçı, qırğız ədəbiyyatının görkəmli nasiri, diplomat və ictimai xadim Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılan abidənin eskiz layihələrinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyunun 15-dən iyulun 31-dək heykəltaraşlar arasında açıq müsabiqə elan edilib. Müsabiqəyə ölkəmizin heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub.
Ötən il avqustun 8-də təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib. Birinci yerə Xalq rəssamı Natiq Əliyevin hazırladığı eskiz layihəsi layiq görülüb.
Çingiz Aytmatovun bürüncdən hazırlanmış, hündürlüyü 3 metrə yaxın olan heykəlinin çəkisi təqribən 6 tondur. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
x x x
Sonra dövlət başçıları Azərbaycan və Qırğızıstanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb söhbət etdilər.
Sonda xatirə şəkli çəkdirildi.