Tokio, 25 noyabr, /AJMEDIA/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram münasibətilə surinamlı həmkarı Çandrikapersad Santoxiyə təbrik məktubu ünvanlayıb.
AJMEDIA xəbər verir ki, məktubunda Surinam Prezidentinə və xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib: “Sizin COP29-da iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan ilə Surinam arasında əlaqələrin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Biz Surinam ilə dövlətlərarası münasibətlərimizə və əməkdaşlığımıza böyük əhəmiyyət veririk. İqtisadi-ticari əlaqələrimizi inkişaf etdirmək üçün Azərbaycan ekspertlərindən ibarət nümayəndə heyəti ölkənizə səfər etməyə hazırdır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.
Dövlətimizin başçısı bu bayram günündə Çandrikapersad Santoxiyə ən xoş arzularını yetirib, dost Surinam xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıb.