Prezident İlham Əliyev: Ötən 30 ildə Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq ruhunda uğurla inkişaf edib və möhkəmlənib

Tokio, 4 aprel , /AJMEDIA/

Ötən 30 il ərzində xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmət və etimad, bir-birinin mənafelərinin nəzərə alınması prinsipləri əsasında strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla inkişaf edib və möhkəmlənib.

AJMEDIA xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubunda yer alıb.

Təbrik məktubunda daha sonra deyilir: “Bu gün fəal siyasi dialoq, ticari-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıqla səciyyəvi olan dövlətlərarası əlaqələrimiz böyük məmnunluq doğurur. Qarşılıqlı ticarətin və investisiyaların davamlı artımı, sanballı müqavilə-hüquq bazası, müxtəlif sahələrdə birgə layihələrin və təşəbbüslərin səmərəli reallaşdırılması ikitərəfli münasibətlərin dinamik inkişafına parlaq sübutdur.

Xüsusilə sevindirici haldır ki, diplomatik münasibətlərin qurulmasının budəfəki yubiley ili Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə eyni vaxta düşüb. Bu mühüm sənəddə 30 illik dövrdə dövlətlərimiz arasında münasibətlərin keyfiyyətcə yeni, ən yüksək səviyyəyə çatması təsbit olunub.

Şübhəsiz, ali və yüksək səviyyədə müntəzəm əlaqələr, qarşılıqlı səfərlər və görüşlər də Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişaf dinamikasına və birgə fəaliyyətin dərinləşməsinə müsbət təsir göstərir”.

Azərbaycan Prezidenti dərin tarixi köklərlə, mənəvi və mədəni yaxınlıqla bağlı olan xalqlarımız arasında dostluğun, mehriban qonşuluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində mədəni-humanitar münasibətlərin rolunu xüsusi qeyd edib. Vurğulanıb ki, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, Azərbaycanda rus dilinin və rus mədəniyyətinin dövlət səviyyəsində hərtərəfli dəstəklənməsi, tərəfdaşlığımızın humanitar gündəliyinə verdiyimiz əhəmiyyəti əyani şəkildə təsdiqləyir.

“Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da ikitərəfli əməkdaşlığın aktual məsələlərini reallaşdıra, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin xalqlarımızın və ölkələrimizin mənafeyi naminə möhkəmlənməsi üçün yeni imkanlar aça biləcəyik”, – deyə təbrikdə qeyd olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts