Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib

Tokio, 9 iyun , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik iqtisadi zonada yaradılan əlverişli şərait, o cümlədən nadir qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar zərfi, zəruri infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təmin edilmiş sənaye torpaq sahələri, nəqliyyat-logistika mərkəzləri və digər perspektivlər investorlar üçün davamlı regional üstünlük yaradacaq və Ələt Azad İqtisadi Zonasını regional investisiya mərkəzinə çevirəcək.
Bu iqtisadi zonada investorlar üçün aşağıdakı fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir:
– İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar;
– Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur;
– Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur;
– Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır;
– Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur;
– Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur;
– Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur;
– İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir;

– Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.
Beləliklə, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bundan başqa, bu layihənin icrası nəticəsində ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts