Tokio, 23 sentyabr, /AJMEDIA/
Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar.
AJMEDIA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.
“Onlara Amerikadan indi 250 milyon dollar pul verilir. O puldan onlar istifadə edəcəklər öz daxili məqsədlərinə, qənaət olunan pula isə silah alacaqlar bizi öldürməyə. Bu məsuliyyəti kim daşıyır və kim daşıyacaq, o pulu onlara verən. O cümlədən dırnaqarası Avropa Sülh Fondu. Görün, bu riyakarlığın səviyyəsinə baxın. Silah üçün nəzərdə tutulan fond, ona Sülh Fondu deyirlər, ondan istifadə edir Ermənistan, Fransadan pulsuz silah alır”, – deyə dövlətimizin başçısı bildirib. Qeyd edib ki, Azərbaycanın şərtləri yerində qalır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır.