Praqada NATO-ya üzv dövlətlərin XİN başçılarının ikigünlük sammiti keçirilir

Tokio, 31 may , /AJMEDIA/

Şimali Atlantika Alyansına üzv dövlətlərin Xarici İşlər Nazirliyi (XİN) başçılarının qeyri-rəsmi görüşü Çexiyanın paytaxtında öz işinə başlayıb.

AJMEDIA xəbər verir ki, NATO-nun Vaşinqtonda iyul ayında keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyan tədbirin əsas mövzusu Ukraynadakı müharibədir.

Praqadakı görüş Çex Respublikasının NATO-ya üzvlüyünün 25 illiyinə və blokun qurulmasının 75 illiyinə həsr olunub. Bu, 2002-ci ildə Praqada keçirilən sammitdən bəri NATO-nun Çexiyadakı ən böyük tədbiridir. Xarici İşlər Nazirliyinin təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq şöbəsinin direktoru David Konetski jurnalistlərə bildirib ki, iki günlük görüş nazirlərin “qarışıqlıq” yarada biləcək həssas məsələləri müzakirə etməsi məqsədilə təşkil olunub.

Sammit çərçivəsində Çex Respublikası siyasətçilərinin, o cümlədən ABŞ dövlət katibi Antoni Blinkenin bir sıra ikitərəfli görüşləri keçiriləcək. O, müdafiə naziri Yana Çernoxova ilə birlikdə Çexiyanın müdafiə qabiliyyətinə həsr olunmuş iclasda iştirak edəcək. Bundan əlavə, Antoni Blinken xarici işlər naziri Yan Lipavski ilə Anlaşma memorandumu imzalayacaq və Çex Respublikasının Prezidenti Petr Pavel ilə görüşəcək.

Çexiyanın baş naziri Petr Fiala NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək, Çex Respublikasının Prezidenti Petr Pavel ona III dərəcəli T.Q.Masarik ordenini təqdim edəcək.

Çexiya Senatında yuxarı palatanın rəhbəri Miloş Vıstrçil və Yens Stoltenberqin çıxış edəcəyi ictimai debatlar keçiriləcək. İclasda həmçinin xarici siyasət idarəsinin rəhbəri Yan Lipavski, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və Polşanın xarici işlər naziri Radoslav Sikorski iştirak edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts