Polşa nəşri: Azərbaycan hazırda internet sahəsində dinamik transformasiya dövrünü yaşayır

Tokio, 22 dekabr , /AJMEDIA/

Asiya və Avropanın qovşağında yerləşən Azərbaycan, hazırda internet sahəsində dinamik transformasiya dövrünü yaşayır. Texnologiyanın inkişafı nəticəsində, bu ölkədə getdikcə daha çox insanın internetə əlçatanlığı təmin edilib ki, bu da onların həyatının müxtəlif aspektlərinə öz təsirini göstərməkdədir. Bu transformasiyaya təsir edən ən vacib amillərdən biri İlon Mask tərəfindən yaradılan “Starlink” peyk layihəsidir.

“SpaceX” tərəfindən icad edilən “Starlink” kosmik İnternet-konstellyasiyası, dünyada, xüsusən də ənənəvi şəbəkələrin mövcud olmadığı bölgələrdə genişzolaqlı internetin təmin edilməsini nəzərdə tutur. İnternet infrastrukturunun hələ tam inkişaf etmədiyi Azərbaycanda “Starlink” daha çox insanın internetə əlçatanlığının təmin edilməsində mühüm rol oynaya bilər.

AJMEDIA xəbər verir ki, bu barədə Polşanın “kosmiczne.info” elmi-texnoloji nəşri “Starlink”in Azərbaycanda internetin transformasiyasına təsiri” adlı məqalədə qeyd edir.

“Starlink”in Azərbaycanda bu qədər mühüm əhəmiyyət kəsb edəcəyinin əsas səbəblərindən biri ölkənin bir çox ucqar rayonlarının hələ də ənənəvi telekommunikasiya şəbəkələrinə əlçatanlığının olmamasıdır. Bir çox sakin hələ də yavaş və səmərəsiz işləyən köhnəlmiş texnologiyalardan istifadə edir. “Starlink” sayəsində bu bölgələrin sakinləri sürətli və etibarlı internetdən istifadə etmək imkanı əldə edəcəklər ki, bu da öz növbəsində onlar üçün təhsil, məşğulluq və fərdi inkişaf sahəsində yeni imkanlar yaradacaq.

“Starlink”in Azərbaycanda internetin transformasiyasına göstərəcəyi təsirin başqa bir mühüm cəhəti internet xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir. İndiki vaxtda bir çox insan internet bağlantısının keyfiyyətsiz olmasından şikayətlənir, bu da müxtəlif proqram əlavələrinin və onlayn xidmətlərin istifadəsini çətinləşdirir. “Starlink”, coğrafi mövqeyindən asılı olmayaraq, peyk texnologiyası sayəsində Azərbaycan sakinlərinə sabit və sürətli internet bağlantısını təmin edə bilər”, – Polşa nəşri yazır.

“Kosmiczne” nəşri qeyd edir ki, “Starlink” Azərbaycanda elektron ticarət sektorunun inkişafında başlıca rol oynaya bilər.

“İnternetin inkişafı nəticəsində daha çox insan onlayn alış-verişdən istifadə edir ki, bu da ölkənin iqtisadi inkişafına rəvac verir. Bununla yanaşı, sürətli və etibarlı internetə çıxışın olmaması elektron ticarətin inkişafına mane ola bilər. “Starlink” sayəsində Azərbaycan sahibkarları onlayn bizneslərini inkişaf etdirmək və daha çox müştəri cəlb etmək imkanı əldə edəcəklər. Nəhayət, “Starlink”in Azərbaycanda internetin transformasiyasına təsiri təkcə texnoloji sahələrlə məhdudlaşmır. İnternetə çıxış ölkənin sosial və mədəni inkişafı üçün də böyük əhəmiyyət kəsb edir. İnternet sayəsində Azərbaycanda insanlar informasiyaya daha asan əlçatanlıq əldə edə, özünütəhsil ilə məşğul ola, digər insanlarla ünsiyyət qura və fərdi ideyalarını paylaşa bilərlər. Bu da öz növbəsində, cəmiyyətdə daha çox açıqlığa və tolerantlığa kömək edə bilər” – deyə məqalə müəllifi qeyd edir.

Məqaləyə müəllif bu fikirlə yekun vurur: “Starlink”, Azərbaycanda internetin transformasiyasına böyük təsir göstərir. Bu layihə sayəsində ölkə sakinləri təhsil, iş, elektron ticarət və mədəniyyət kimi müxtəlif sahələrin inkişafına rəvac verən sürətli və etibarlı internetə çıxış əldə edirlər. “Starlink”, Azərbaycan üçün yeni imkanlar və perspektivlər açır və eyni zamanda, ölkənin dünya ilə daha sıx inteqrasiyasına kömək edir. Bu isə şübhəsiz ki, internetin həyatımızın bütün sahələrində getdikcə daha çox rol oynayacağı gələcəyə doğru atılan bir addımdır”.

Qeyd edək ki, 9 may 2023-cü il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kosmik Agentliyi (“Azərkosmos”) ilə “SpaceX” arasında “Starlink” İnternet xidmətlərinin Azərbaycanda istifadəyə verilməsinə dair saziş imzalanıb. Sənədi “Azərkosmos” İdarə Heyətinin sədri Saməddin Əsədov və “SpaceX” şirkətinin prezidenti, baş əməliyyat direktoru Qvinn Şotvell imzalayıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts