Polad Həşimovun xatirəsinə yeni şeir həsr olundu

Tokio, 17 iyul , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Polad Həşimovun xatirəsinə yeni şeir həsr olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Gülarə Munis kitabxanaya yeni şeir təqdim etdi.
Müəllif “Getmə, Ata” şeirini Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun xatirəsinə ehsan edib. General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun üç övladı yadigar qalıb. Şeirdə müəllif şəhidin qızının damarlarda qan donduran naləsini ürək yanğısı ilə qələmə alır. Şair şəhidin övladlarına xeyir-dua verərək Rəbbimiz pasiban olsun deyir.

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun xatirəsinə
Getmə, Ata!
(qızı Aybənizin adından)

Bir ata köç etdi dünyadan bu gün,
Gözlər qan-yaş tökdü, baxışlar üzgün.

Dedilər: “Vətənə verdi canını,
Düşmənlər axıdıb nahaq qanını”.

Axirət evinə üz tutan, Polad,
Onu tanıtdırdı aləmə bu ad.

Onun tabutunu qucaqlayan qız,
İndi tənha qalıb atasız, yalqız.

Boylanıb məzara baxır uzaqdan,
Gözündən qanlı yaş axır uzaqdan.

“Getmə, Ata”, – deyib fəryad edəndə,
“Qoymaram”, – söyləyib, inad edəndə.

“Bizi tənha qoyub hara gedirsən?
Bəxtəvər ömrümü qara edirsən.

Bəs xeyir-duanı kim verər, Ata?
Övladın haqqıdır arzuya çata.

Necə qoyaq səni soyuq məzara?
Sonra necə dözək belə qubara?”

Onun naləsini eşidən zaman,
Donurdu insanın damarında qan.

Aybəniz inləyib, çəkdi intizar,
Davudla, Teymurun qaldı yadigar.

Bir evdən atanı aparsa, əcəl,
Solub arzu-dilək olacaq xəzəl.

O, üç övladından getdi nigaran,
Rəbbimiz onlara olsun pasiban.

Qəlbin fəryadını bəyan eylədi,
Munis bu şeirini ehsan eylədi.

(Aybəniz, Davud, Teymur
Polad Həşimovun övladlarıdır)

Follow us on social

Facebook Twitter Youtube

Related Posts