Tokio, 30 noyabr , /AJMEDIA/
Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır.
TƏBİB-dən AJMEDIA-ya bildirilib ki, qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90 faizini yoluxdura bilər. İnsanların təxminən 93 faizi bir dozadan sonra, 97 faizi isə ikinci dozadan sonra immun hesab olunur.
TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib ki, peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır: “Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və bir çox effektiv müalicəsi olmayan xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür”.