Tokio, 8 sentyabr , /AJMEDIA/
Ermənistan rəhbərliyi indi siyasi və ən pisi, tarixi dalandadır.
Azərbaycanla faktiki münaqişə vəziyyəti “nə hərb, nə sülh” səviyyəsinə qədər gərginləşib. Ermənistanın daxilindəki siyasi və iqtisadi problemlər, maliyyə böhranı – Rusiyaya paralel ixrac və Ukraynadakı müharibəyə səfərbərlik “sayəsində” yollanmamaq üçün ölkədən qaçaraq İrəvana sığınan rusiyalı relokantların xərclədikləri pullar hesabına süni, müvəqqəti “inkişaf rəqəmləri” ciddi arqument deyil – baş nazir Nikol Paşinyana stabil daxili siyasətlə yanaşı, normal və ya adekvat xarici siyasət yürütməyə də imkan vermir.
Paşinyanın və komandasının şüarları dəyişməyib: ermənilərə xarici düşmən qismində Azərbaycan göstərilir. Amma revanşist və hələ də xəyallar aləmində yaşayan erməni həmcinslərindən fərqli olaraq Paşinyanın komandasındakılar aydın dərk edirlər ki, Azərbaycanla hərbi əməliyyatlar aparmaq Ermənistanın işi deyil. Üstəlik, 44 günlük İkinci Qarabağ Müharibəsi göstərdi ki, ermənilər yenidən müharibə eşqinə düşsələr, ölkələri ilə vidalaşa bilərlər.
Ermənistanın daxili iqtisadi və sosial problemlərinə gəldikdə isə, Paşinyan iqtidarı onları həm qlobal miqyasdakı böhranların sonucu olduqlarına görə, həm də müşkülləri çözmək üçün hara və necə hərəkət etmək gərəkdiyini bilmədikləri səbəbindən aradan qaldıra bilmir.
Səbəb həddən ziyadə sadədir: İrəvan hakimiyyətində daxili resurslara, imkanlara hesablanan, xarici təsirlərin və şərtlərin məntiqi dəyərləndirilməsinə əsaslanan inkişaf kursunu müəyyənləşdirəcək insanlar yoxdur.
Ermənistanın sürəkli hami və dayaq axtarışları, indi Hindistanla Yunanıstana bel bağlaması, Fransanın ermənilərin xilaskarı olduğunu düşüncəsinin geniş yayılması məhz bəhs etdiyimiz vurnuxmaların nəticəsidir.
Rusiya Federasiyası heç bir halda Azərbaycanla münasibətləri korlamaq və illah da ki, ermənilərə görə döyüşə qatılmaq istəmir. Məsələ heç də Azərbaycan-Türkiyə müttəfiqliyində, Şuşa bəyannnaməsində deyil.