Osaka “Ekspo 2025” sərgisinin quraşdırma xərcləri 1,57 milyard dollara başa gələcək

Tokio, 23 oktyabr , /AJMEDIA/

Yaponiyanın Osaka şəhərində keçiriləcək “Ekspo 2025” Dünya Sərgi məkanının quraşdırma xərcləri 1,57 milyard ABŞ doları dəyərində qiymətləndirilir.
AJMEDIA xəbər verir ki, sərginin təşkilat komitəsi 2-ci dəfə dəqiqləşdirmə apardıqdan sonra əlaqədar qurumlara bu barədə məlumat verib.
Bildirilir ki, sərginin Osakada təşkili üçün müraciət hazırlananda xərclər 840 milyon dollar qiymətləndirilmişdi. Üç il əvvəlki qiymətləndirmədə isə rəqəm 1,23 milyard dolar olub. Təşkilatçılar sərgi xərclərinin artmasını Rusiya-Ukrayna müharibəsindən sonra tikinti materiallarının qiymətinin bahalaşması və Yaponiya milli valyutasının məzənnəsinin zəifləməsi ilə əlaləqəndirirlər. Bundan başqa, tikinti səhəsində işçi çatışmazlığı da smeta xərclərinin artmasına səbəb olub.
Osaka ”Ekspo 2025” Dünya Sərgisinin inşaat xərclərini Yaponiyanın mərkəzi hökuməti, Osaka şəhər hökuməti və biznes dairələri qarşılayacaq. Mərkəzi hökumət inşaat xərclərindən başqa, təhlükəsizliyin təminatına 130 milyon dollar vəsait sərf edəcək.
Qeyd edək ki, Beynəlxalq Sərgilər Bürosunun dünya sərgisi 5 ildən bir keçirilir. Sərgi yeni nailiyyətləri və texnologiyaları təqdim etmək üçün ən böyük platforma hesab edilir. Osaka “Ekspo 2025” sərgisi 13 aprel-13 oktyabr tarixlərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” mövzusunda keçiriləcək.
Beynəlxalq Sərgilər Bürosunun tamhüquqlu üzvü olan Azərbaycan 2000-ci ildən təşkilatın müxtəlif sərgilərində iştirak edir. 2015-ci ildə Milan şəhərində keçirilən “Ekspo” sərgisində “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlanan pavilyon mükafatla təltif olunub. “Ekspo 2016 Antalya” Beynəlxalq Botanika Sərgisində Azərbaycan pavilyonu eksteryer və interyer bağçası nominasiyasında birinci yerə, Astanada keçirilən “Ekspo 2017 – Gələcəyin enerjisi” Beynəlxalq sərgisində “Enerji Yurdu – keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan Azərbaycan pavilyonu “Sərgi dizaynı” nominasiyasında mükafata layiq görülüb. Milli pavilyonumuz Dubay “Ekspo 2020” sərgisində də ən çox ziyarət edilən və sevilən pavilyonlardan biri olub. Dünya ekspolarının 30 ilə yaxın müddətdə qiymətləndirməsini aparan məşhur “EXHIBITOR” jurnalının ənənəvi təşkil etdiyi müsabiqədə Azərbaycan pavilyonu “Ekspo 2020”nin “Ən yaxşı orta ölçülü pavilyon” və “Mövzunu ən yaxşı çatdıran pavilyon” nominasiyalarında mükafatlara layiq görülüb. Bundan əlavə, milli pavilyonumuz ənənəvi olaraq hər Eksponun sonunda ziyarətçilərin və ekspo könüllülərinin ümumi səsverməsi ilə “Ən gözəl və baxımlı” pavilyonlar sırasında yer alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts