Tokio, 9 fevral, /AJMEDIA/
Yaponiyanın Osaka şəhərində baş tutacaq “Ekspo 2025” sərgisi haqqında onlayn mətbuat konfransı keçirilib.
AJMEDIA xəbər verir ki, mətbuat konfransı Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təşkil edilib.
Konfransda çıxış edən Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyinin Beynəlxalq Sərgilər üzrə direktoru Sugano Masafumi və direktor müavini Nakaoka Nanako “Ekspo 2025”in mövzusu və sərgiyə hazırlıq barədə məlumat veriblər.
Sugano Masafumi bildirib ki, mövzusu “Həyatımız üçün Gələcək Cəmiyyətin Dizaynı” olan sərginin məqsədi infeksiyalarla mübarizə, təhsildə və işdə süni intellekt və robotlardan istifadə, mədəniyyətlərarası anlaşmanın təşviqi və digər sahələrə diqqəti cəlb etməkdir. O vurğulayıb ki, “Osaka Ekspo 2025” 2030-cu ilədək Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platforma olacaq.
Qeyd edək ki, 2025-ci il aprelin 13-dən oktyabrın 13-dək keçiriləcək “Osaka Ekspo” 2,5 milyard ABŞ dollarına başa gələcək. Xərclər mərkəzi və yerli hökumət, həmçinin özəl sektorun nümayəndələri tərəfindən qarşılanacaq.