Tokio, 17 oktyabr, /AJMEDIA/
17 oktyabr Füzuli Şəhəri Günüdür. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri rəşadətli Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Ümumilikdə 44 günlük İkinci Qarabağ – Vətən müharibəsi nəticəsində rayonun 62 yaşayış məntəqəsi azad olundu.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. Zəfər yürüşünün hər günü gücümüzün, qüdrətimizin nümayişi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz hər gün qələbələri ilə xalqımızı həm sevindirdi, həm də qürurlandırdı.
Füzulinin işğaldan azad edilməsi həm hərbi-strateji, həm tarixi, həm də mənəvi-siyasi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. 30 illik işğal dövründə digər ərazilərimiz kimi, Füzuli rayonu da tamamilə dağıntılara məruz qaldı. Rayonda bir dənə tikili belə qalmadı. Mədəni irsimizə böyük zərbə vuruldu, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdıldı.
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, Füzuli azad olunanda bir salamat bina tapa bilmədik ki, Bayrağımızı orada qaldıraq. Bir hərbi hissədən başqa. Onun da həyətində dirəkdə Bayrağımızı ucaltdıq.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa bu müjdəni çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir… Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi, Füzulidə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Ağdamda və Zəngilanda keçirilən Milli Şəhərsalma Forumunda işğaldan azad edilmiş bütün ərazilərin bərpası ilə bağlı layihələr təqdim edildi.
Bu torpaqlar hazırda dirçəlir, mərhələ-mərhələ sakinlərinə qovuşur. Hazırda Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl şəhərlərinə, Ağalı, Talış, Sus və Zabux kəndlərinə soydaşlarımızın qayıdışı davam edir. Dövlətimizin başçısı İlham Əliyev ötən il Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu reallıqları da diqqətə çatdırmışdır ki, bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsini icra edirik.
2021-ci il yanvarında təməli qoyulan, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi 9 aya inşa edildi və oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. 2022-ci ildə isə Şərqi Zəngəzurun hava qapısı dünyaya açıldı. Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi. Üçüncü hava limanı Laçında tikilir, gələn il istifadəyə verilməsi nəzərdə tutulub. Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlandığı gündən bu tapşırığı verdi ki, keçmiş məcburi köçkünlərin yaşayışı ən yüksək səviyyədə təmin edilməli, bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilməlidir.
Qarabağımızın, Şərqi Zəngəzurumuzun beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi seçilməsində də bu amillərin rolu böyükdür. Bu torpaqlara gələn hər kəs görülən bərpa işlərindən heyrətlərini gizlətmirlər. Qısa zamanda belə genişmiqyaslı işlərin görülməsi Böyük Qayıdış Proqramının icrasının tezliklə tam şəkildə başa çatacağını deməyə çox ciddi əsas verir.
Vüqar Ağayev