Nurlan Həsənov: “Xarıbülbül” Festivalı xalqımızın qürurunu, kimliyini dünyaya bir daha nümayiş etdirdi

Tokio, 15 may , /AJMEDIA/

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022-ci ili “Şuşa İli” elan etdi. Yanvarın 5-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında cari ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Məlum olduğu kimi, Şuşa şəhərinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub və bu il biz mədəniyyət paytaxtımızın 270 illiyini böyük təntənə ilə qeyd edəcəyik. “Şuşa İli” çərçivəsində keçirilən ilk böyük tədbir isə mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı oldu. Bu Festivalın tarixi isə 1989 ilə dayanır. Birinci “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başladı. Festivalın hər il may ayında keçirilməsinin də öz simvolik mənası vardır. Belə ki, Azərbaycanda qədimdən “Xarıbülbül” adlanan bitki may ayında çiçək açmağa başlayır.

AJMEDIA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, Qarabağ münaqişəsi başlayandan sonra Xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilib. Qarabağ ərazisi işğal olunduqdan sonra isə Xarıbülbül xalqımız üçün nisgil, kədər, ağrı, həsrət simvolu olub. Bu Festivalın tarixinə nəzər salan deputat deyib: “Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmadı. Dördüncü festival isə 1992-ci ilin may ayında keçirilməli olsa da, Şuşanın ermənilər tərəfindən işğal olunması ilə baş tutmadı. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi ilə Şuşa Azərbaycan Ordusu tərəfindən qəhrəmanlıqla düşmən əsarətindən xilas olundu, azadlığa qovuşdu. Xarıbülbül isə İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərimizin xatirəsinə, igidlik rəmzinə çevrildi”.

Nurlan Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamla Şuşa şəhərinin ölkənin Mədəniyyət paytaxtı elan edilməsi ilə Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalı da bərpa olunub. Beləliklə 2021-ci il mayın 12-si və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə “Xarıbülbül” festivalı keçirildi. Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. Şuşa sanki yenidən canlandı. Hər bir Azərbaycan vətəndaşının ürəyində Qələbə simvoluna çevrilən Şuşa, eyni zamanda, mədəniyyət paytaxtı kimi də tariximizə həkk olundu. Dövlətimizin başçısının “Xarıbülbül” festivalında təntənəli iştirakı Şuşanın Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Bundan əlavə, bu şəhər xalqımızın 30 illik iradəsinin, Şuşasızlıqla barışmamasının təzahürü idi. Cari ilin may ayının 12-də isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub. Ötən il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak edirdilər. 2022-ci ilin “Şuşa İli” olması, burada “Xarıbülbül” festivalının keçirilməsi də böyük önəm daşıyırdı. Şuşada ölkəmizin keçirdiyi bütün tədbirlər ermənilərin hələ də bu şəhər haqqındakı xəyallarını birdəfəlik dəfn etdi. Ölkəmizin öz tarixi ənənələrini unutmaması, Şuşanı diqqət mərkəzində saxlaması və mədəniyyətimizin paytaxtı elan etməsi düşmənlərimizə göz dağı verir.

“29 illik həsrətdən sonra keçən il keçirilən “Xarıbülbül” festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdur. Bu festival tarixi hadisə olmaqla bərabər, həm də xalqımızın qürurunu, kimliyini dünyaya bir daha nümayiş etdirdi. Biz heç zaman haqsızlıqla, ədalətsizliklə barışmadıq. İnanırdıq ki, bir gün Xarıbülbül əsarətdən azad olacaq. Bizim şanlı Ordumuzun sayəsində bu gün Şuşa azaddır. V “Xarıbülbül” Festivalı isə mənəvi, siyasi, mədəni cəhətdən özündə vacib elementləri daşıyır. Belə ki, Qarabağın tacı olan Şuşa qələbə rəmzimiz kimi dünya ölkələri tərəfindən izlənilir, araşdırılır. Mayın 14-də başa çatan sayca beşinci festivalda da xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivlərinin iştirak etməsi Şuşanın daha yaxşı tanınması və ölkəmiz üçün nə qədər əhəmiyyətə malik olmasının əyani sübutudur”, – deyə deputat əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts