Noyabrın 25-i Azərbaycanda Kəlbəcər Şəhəri Günüdür

Tokio, 25 noyabr, /AJMEDIA/

Dörd il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi böyük igidlik sayəsində erməni hərbi qüvvələri torpaqlarımızı tərk edərək geri çəkildilər. Otuz ilə yaxın işğal atında olan torpaqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə düşməndən təmizlənərək əzəli sahiblərinə qaytarıldı. Haqq savaşına qalxan Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, daha bir rayon – Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Həmin gün Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, həmin şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 53 min 340 sakin öz dədə-baba yurdundan qovulub, 511 dinc sakin qətlə yetirilib, 321 nəfər əsir və itkin düşüb. Rayonun 484 nəfər şəhidi var. Onların 258-i hərbçi, 226-sı mülki şəxsdir. Vətən müharibəsində rayonun 37 sakini şəhid olub. Kəlbəcərdən olan 3 döyüşçü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib.
Dağlar qoynunda yerləşən Kəlbəcər başdan-başa canlı təbiət muzeyini xatırladır. Təkcə bir faktı göstərmək kifayətdir ki, rayon ərazisində otuz mindən artıq bulaq var, 4 mindən artıq bitki növü bitir və onlardan 200-ü dərman bitkisidir.

Kəlbəcərdə həzm sistemi xəstəliklərinin əvəzsiz müalicəsi hesab olunan zəngin mineral tərkibə malik İstisu müalicə ocağı yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. İstisu mineral suları hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur və daim çağlayan 12 bulaqdan ibarətdir. İstisuyu yerin təkindən 58,8 dərəcə C istiliyində qaynayır. Ərazidəki bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə – balneoloji təsirə malik mineral su yataqları Kəlbəcərə dünya şöhrəti qazandırıb.

Hazırda “İstisu” İstirahət-müalicə kompleksinin 34 hektar ərazidə salınması və gündəlik 300 nəfəri qəbul etməsi üçün inşaat işləri gedir. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottec də tikilir.

Qədim tarixə malik Kəlbəcər ərazisində alban dövrünə aid çoxlu abidə var.

Əlverişli relyefi, saf dağ iqlimi, mineral suları ilə böyük turizm potensialından xəbər verən Kəlbəcərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərin yadigarlarıdır.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 2026-cı ilədək rayon ərazisində 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək. Yaxın vaxtlarda Kəlbəcər şəhərinə ilkin olaraq 5 min nəfərdən artıq, kənd və qəsəbələrə isə 8 min nəfərə yaxın məcburi köçkünün qayıdışı nəzərdə tutulur.

Yeni inşa edilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən həmin yolun layihə uzunluğu 80,7 kilometrdir.

Bu il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və həmin yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi, Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Eləcə də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin, Kəlbəcər şəhərində inzibati binanın, Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməli qoyulub. Onlar rayondakı Xudavəng monastır kompleksində də olublar.

Rayonda aparılan nəhəng quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts