Tokio, 21 mart , /AJMEDIA/
Novruz bayramı Naxçıvan Muxtar Respublikasında əmin-amanlıq, birlik, sabitlik və firavanlıq şəraitində qeyd olunur.
Şərur rayonu
Şərur rayonunda da Novruz bayramına əvvəlcədən geniş hazırlıq işləri aparılıb. Bütün yaşayış məntəqələrində Novruz adət-ənənələrinə uyğun təmizlik, abadlıq işləri görülüb, səmənilər göyərdilib, bayram süfrələri bəzədilib. Rayon mərkəzində bayram şənliyi yüksək əhvali-ruhiyyə ilə qeyd olunub. Əvvəlcədən baharı, Novruzu təmsil edən müxtəlif şüar və plakatlarla, üçrəngli bayrağımızla bəzədilmiş meydanda rayon mədəniyyət şöbəsinin musiqi və teatr kollektivlərinin hazırladıqları əyləncəli, rəngarəng proqramlar bayram şənliyinə toplaşanların alqışları ilə qarşılanıb.
Alovu ərşə ucalan tonqalın ətrafında rəqs edənlərin, yallı gedənlərin, halay tutanların çıxışları, əllərində baharın rəmzi olan səməni tutmuş qızların meydanboyu hərəkətləri, pəhləvanların göstərdikləri maraqlı nömrələr, Keçəl və Kosanın Novruz əhvali-ruhiyyəli məzəli hərəkətləri və zarafatları hər kəsin diqqətini çəkib. “Arpaçay” instrumental ansamblının müşayiəti ilə Novruzu, baharı vəsf edən nəğmələr və xalq mahnıları, saz havaları ifa edilib, qara zurnanın səsi ərşə yüksəlib. “Şərur qönçələri” uşaq yallı ansamblı, uşaq musiqi məktəblərinin şagirdləri ifa etdikləri rəqslərlə şənliyi daha da rövnəqləndiriblər.
Tədbirin aparıcıları rayonda həyata keçirilən sosial-iqtisadi inkişafdan danışıblar. Qeyd ediblər ki, bu gün Şərur geniş tikinti meydanına çevrilib. Bu inkişafın, bu tərəqqinin fövqündə rayon sakinləri bayramlarımızın tacı olan Novruzu daha xoş əhvali-ruhiyyə ilə qarşılayırlar.
Tədbirin musiqili-əyləncəli hissəsi başa çatdıqdan sonra xalqımızın qədim sənət – misgərlik və dulusçuluq nümunələrinin, toxuculuq məmulatlarının, kənd təsərrüfatı alətlərinin, mətbəx nümunələrinin nümayiş etdirildiyi sərgiyə baxış olub. Sərgiyə Şərur şəhərindən və rayonun, demək olar ki, bütün kəndlərindən milli dəyərlərimizi əks etdirən nümunələr çıxarılmışdı.
Şənlikdə arzular, diləklər də bildirilib, Dədə Qorqud babamızın müdrik kəlamları xatırlanıb: “Torpağımız bərəkətli olsun, tonqallarımız heç vaxt sönməsin!”
Babək rayonu
Bayramsayağı bəzədilən Babək şəhərinin mərkəzi meydanında da bayram şənliyi keçirilib, yaz fəslinin yurdumuza qədəm qoyması təmtəraqla qeyd olunub. Tədbirin aparıcıları babəkliləri Novruz bayramı münasibətilə təbrik edərək bildiriblər ki, Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Vurğulanıb ki, artıq odlar diyarı Azərbaycan baharın, yazın gəlişini qalib ölkə kimi qarşılayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində Novruz bayramı əfsanəvi Cıdır düzündə, Şuşada da qeyd olunur. Bu il yaranmasının 270 illiyini keçirəcəyimiz Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın bərpa olunması, festivallar, poeziya günləri, tarixin və mədəniyyətin yenidən bu qədim Azərbaycan şəhərinə qaytarılması dosta sevinc, düşmənə gözdağıdır.
Bayram tonqalı alovlandırıldıqdan sonra Novruzu vəsf edən nəğmələr ifa olunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Rayon mədəniyyət şöbəsinin musiqi kollektivlərinin hazırladığı konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb. Xalq çalğı alətləri, nağara və saz ansambllarının ifası, yallı qrupunun təqdim etdiyi rəqslər şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə müxtəlif milli oyunlar, qədim məişət əşyaları, milli mətbəximizin nümunələri və şirniyyatlar, adət-ənənələrimiz nümayiş etdirilib. Həmçinin yundarama, cəhrədə yunəyirmə, xalçatoxuma, kirkirədə qovutçəkmə, daşda ətdöymə kimi qədim el nümunələrimiz də nümayiş olunub və ictimaiyyətin nümayəndələri tərəfindən maraqla izlənilib.
Cəhri qəsəbəsindən gəlmiş ziyalı Natiq Məmmədov deyib ki, Novruz milli dəyərləri, qədim keçmişimizi özündə yaşadan və hər bir azərbaycanlı üçün əziz bayramdır. Sevinirik ki, ulu əcdadlarımızdan bizə yadigar qalan Novruzu qalib ölkə, qalib xalq kimi qeyd edirik. Novruz bayramının dövlət səviyyəsində qeyd olunması bizi daha da qürurlandırır. Bu qürurun digər səbəbi isə budur ki, ildən-ilə dövlətimizin gücü artır. Hər yerdə genişmiqyaslı quruculuq, abadlıq işləri aparılır, kəndlərimiz öz simasını dəyişir. Elə bunun özü də bir bayram sevincidir.
Ordubad rayonu
Ordubad rayonunda da Novruz bayramı xüsusi təmtəraqla qeyd olunub. Tədbirin aparıcıları vurğulayıblar ki, əsrlərin sınağından çıxmış milli dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Novruz bayramını dövlət müstəqilliyimizin xalqımıza verdiyi bəhrələrdən biri kimi səciyyələndirirdi. Ulu Öndərin ideyalarının böyük ehtiramla yaşadıldığı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikada da Novruz bayramı xüsusi coşqu ilə keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə xalq yaradıcılığı günləri çərçivəsində diyarımızda bir-birindən maraqlı tədbirlərin təşkili Novruz bayramını ümumxalq şənliyinə çevirib.
Kütləviliyi ilə seçilən bayram tədbirində nümayiş olunan maraqlı, rəngarəng meydan tamaşaları, Ordubad mətbəxinin inciləri sayılan məcməyi paxlavası, şəkərbura, qayğanaq, alana, sucuq, miyanpur, bir-birindən ləziz Ordubad yeməkləri, xüsusi səriştə ilə düzəldilmiş səmənilər, sənətkarların hazırladıqları əl işləri, qədim məişət avadanlıqları rayona təşrif buyurmuş qonaqların da diqqətini cəlb edib. Novruz şənliklərində meydan tamaşalarının qəhrəmanı olan Xanın çaparların müşayiəti ilə meydana gəlməsi böyük alqışlarla qarşılanıb. Musiqi kollektivlərinin ifa elədikləri maraqlı, rəngarəng musiqi nömrələri, rayon Uşaq-Gənclər İdman Məktəbinin karateçiləri, boksçuları və gimnastlarının nümunəvi çıxışları bayrama daha da rəng qatıb.
Culfa rayonu
Xalqımızın milli ruhunu min illərdir, özündə yaşadan Novruz bayramının gəlişi ilə əlaqədar Culfa rayonunda da el şənliyi keçirilib.
Tədbirdə aparıcılar rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək bildiriblər ki, Novruz bayramı ulu əcdadlarımızın bizə miras qoyduğu ən gözəl yadigardır. Ulu öndərimiz Heydər Əliyevin də dediyi kimi: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan Respublikasının milli bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır, xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır”.
Qeyd olunub ki, artıq iki ildir, bayram tonqalları arzu və ümidlərimizdən qanadlanaraq Qarabağımızda da şölə saçır. İşğaldan azad olunan torpaqlarımızda qalanan bayram tonqallarının tüstüsü düşmənə gözdağı verir. Ötən ilin mart ayında ölkə Prezidentinin Şuşada – Cıdır düzündə Novruz bayramı tonqalını alovlandırması, qüdrətli dövlət başçısının oradan dünyaya verdiyi mühüm mesajlar hər bir azərbaycanlının qəlbini sonsuz sevinc və qürur hissi ilə doldurdu.
Rayon sakinlərinin xoş ovqatla izlədikləri şənlikdə Novruzu, baharı vəsf edən mahnılar oxunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Rayon mədəniyyət şöbəsinin hazırladığı konsert proqramı tədbir iştirakçılarında yüksək əhvali-ruhiyyə, xoş hisslər yaradıb, “Çeşmə” ansamblının ifaları, təqdim olunan rəqslər şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Bayram sevincini yaşayan tədbir iştirakçıları bildiriblər ki, Novruz məşəqqətli günlərə, sıxıntılı həyata son qoyaraq, tükənən gücləri bərpa edərək, insanların gözlərinə işıq, qollarına qüvvət, ayaqlarına güc verir, qəlblərini ümid və inamla doldurur. İnsanlar canlanmaqda olan təbiətdən ilham alır, onların qurub-yaratmaq həvəsləri daha da artır.
Culfa rayonunda da keçirilən bayram tədbirində iaşə xidməti təşkil olunub, idmançılarımızın şənliyə öz töhfələrini bəxş etməsi maraqla qarşılanıb.
Kəngərli rayonu
Muxtar respublikamızın hər yerində olduğu kimi, Kəngərli rayonunda da Novruz bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edilib. Rayon mərkəzindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı Novruzun atributu olan səmənilərlə, bahara aid plakatlarla, bayraqlarla bəzədilib.
Rayon mədəniyyət şöbəsinin hazırladığı “Elimizə bahar gəlir” adlı əyləncəli-kütləvi bayram şənliyinin aparıcıları qələbə sevincli, zəfər müjdəli Novruz bayramı münasibətilə tədbirə toplaşanları salamlayaraq bildiriblər ki, bu bayram rаyon sakinləri üçün həm də ikiqat əlamətdardır. Çünki Kəngərli rayonu Novruz bаyrаmı ərəfəsində – 2004-cü il mаrtın 19-dа yаrаdılıb. Ötən müddət ərzində Kəngərli rayonu böyük inkişaf yolu keçib. Rayon mərkəzində, bütün kəndlərdə infrastruktur layihələri reallaşdırılıb, yollar abadlaşdırılıb, yaşıllaşdırma tədbirləri həyata keçirilib, əhalinin rifah halı yaxşılaşdırılıb.
Sonra bayram tədbiri bir-birindən maraqlı musiqi nömrələri ilə davam etdirilib. Novruzun əsas qəhrəmanları olan Kosa və Keçəl, Bahar qızın maraqlı-əyləncəli çıxışları alqışlarla qarşılanıb. Dədə Qorqud şənlik iştirakçılarını təbrik edib, onlara əmin-amanlıq, xoş gün-güzəran, mehribanlıq, səmimiyyət arzulayıb. Meydanda qurulmuş Novruz tonqalını bir əlində məşəl, digərində isə Azərbaycan Bayrağı olan gənc alışdırıb.
Rayon Mədəniyyət Sarayının “Kəngər” instrumental ansamblının və rayon uşaq musiqi məktəbləri kollektivlərinin müşayiəti ilə ifa olunan şən mahnılar, rəngarəng musiqi nömrələri tamaşaçılara xoş ovqat bəxş edib. Bayram tədbirində Şahtaxtı kənd Mədəniyyət Evinin uşaqlardan ibarət yallı kollektivi və rayon Mədəniyyət Sarayının böyüklərdən və uşaqlardan ibarət yallı kollektivlərinin təqdim etdikləri qədim xalq rəqsləri bayram şənliyinə əlavə rəng qatıb.
Novruz şənliyində bayram yarmarkası da təşkil olunub, müxtəlif meyvə və tərəvəz məhsulları, bayram şirniyyatları satışa çıxarılıb, iştirakçılara iaşə xidməti göstərilib.
Şahbuz rayonu
Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərinin tərənnümü olan Novruz bayramını şahbuzlular da böyük sevinc və fərəhlə qeyd ediblər. Rayon mərkəzində təşkil olunan Novruz şənliyində Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” instrumental ansamblı üzvlərinin ifasında səslənən mahnılar alqışlarla qarşılanıb.
Bayramın əsas personajları olan Kosa və Keçəlin sərgüzəştlərindən, duzlu-məzəli çıxışlarından sonra kənd mədəniyyət evlərində fəaliyyət göstərən folklor qruplarının çıxışları olub. “Hodu-hodu”, “Çöpüdü” kimi xalq oyunları ifaçılarının çıxışlarına, sazçalan uşaqların bulaq suyu kimi saf zəngulələrinə maraqla tamaşa edən şahbuzluların xalq yaradıcılığı nümunələrindən və yerli sahibkarların istehsal etdikləri məhsullardan ibarət sərgiyə də baxış olub.
Həmin gün rayon mərkəzindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunmuş geniş iaşə və ticarət xidmətləri, qoğallı, paxlavalı çay süfrəsi burada yazı birgə qarşılayan şahbuzlular üçün əsl asudə vaxt və məzmunlu istirahət ab-havası yaradıb. Rayon ziyalıları Zakir Ələkbərov və Növrəstə Xudiyeva söhbət zamanı bildiriblər ki, müstəqillik illərindən sonra həyata keçirilən kompleks tədbirlər sayəsində rayonumuz müasirliyə qovuşub.
Könüllərə bir doğmalıq, mehribanlıq bəxş edən Novruzu böyük sevinclə, fərəhlə qarşılayan şahbuzlular bu ildə də daha böyük uğurlar qazanacaqlarına əmindirlər.
Sədərək rayonu
Minilliklərboyu xalqımız Novruzu milli bayram kimi təntənə ilə qeyd edib. Bu ənənə yaşadılaraq və ildən-ilə daha da zənginləşdirilərək günümüzə qədər gəlib çatıb.
Sədərək rayonunda da Novruz bayramına əvvəlcədən geniş hazırlıq tədbirləri görülüb. Hər yerdə Novruz adət-ənənələrinə uyğun təmizlik, abadlıq işləri aparılıb, səmənilər göyərdilib, bayram süfrələri bəzədilib. Bayram münasibətilə keçirilən şənlikdə rayonun musiqi kollektivləri xalqımızın Novruz adət-ənənələrini, qədim el sənətkarlığından nümunələr nümayiş etdirib, Kosa, Keçəl və Bahar qız tamaşa göstərib, rəngarəng konsert proqramı ilə tədbir iştirakçılarına yüksək ovqat bəxş olunub.
El ağsaqqalı Əkbər Kərimov deyib ki, Sədərək sakinləri bütün bayramları, eləcə də Novruz bayramını böyük sevinclə qarşılayır, insanlar tonqalı qalayır, şənlik edirlər. Şən mahnıların səsi sərhədin o tayına, mənfur düşmənin yaşayış məntəqələrinə qədər gedib çıxır. Düşmən artıq ordumuzun qüvvəsini yaxşı bilir. Bilir ki, onlar tərəfindən atılan hər hansı bir səhv addım ağır nəticələrə gətirib çıxara bilər. Bugünkü Novruz şənliyində insanların bu qədər əmin-amanlıqla iştirak etməsi bir daha onu göstərir ki, sədərəklilər dövlətimizin gücünə, qüdrətinə tam əmindirlər. Elə bu əminlik də rayon sakinlərini torpağa, yurda daha sıx tellərlə bağlayır, onları daha yaxşı işləməyə, Sədərəyi daha da çiçəkləndirməyə sövq edir. Hər bir sədərəkli göstərilən qayğıya görə dövlətimizə minnətdardır.
Tədbir iştirakçıları sonra xalq yaradıcılığı nümunələrindən və yerli sahibkarların istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxıblar. Sərgidə xalq sənətinin ağacişləmə, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, daşyonma sahələrini özündə əks etdirən nümunələr şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.