Tokio, 12 aprel , /AJMEDIA/
Telekommunikasiya avadanlıqları istehsalçısı “Nokia” kompaniyası Ukrayna ətrafında yaranan vəziyyət səbəbindən Rusiya bazarını tərk etmək qərarına gəlib.
AJMEDIA Finlandiya KİV-inə istinadla xəbər verir ki, bu barədə məlumat “Nokia” kompaniyasının press-relizində yer alıb.
“Rusiyada mövcudluğumuz mümkün deyil. Son həftələr tədarükləri və yeni biznes fəaliyyətlərini dayandırmışıq, hazırda məhdud elmi-tədqiqat işlərimizi Rusiyadan kənara çıxarırıq. Artıq Rusiya bazarından çıxdığımızı elan edə bilərik”, – məlumatda belə deyilir.
“2021-ci ildə satışlarımızın yalnız 2 faizdən azı Rusiya bazarında reallaşıb. Digər regionlarda müşahidə olunan yüksək tələbi nəzərə alsaq, qərarın 2022-ci maliyyə ili üçün gözlənilən proqnozlara təsir edəcəyini gözləmirik”, – deyə “Nokia” kompaniyası qeyd edib.
Qərargahı Finlandiyanın Espoo şəhərində yerləşən transmilli “Nokia Corporation” kompaniyası əsasən mobil, stasionar, genişzolaqlı və İP şəbəkələri üçün telekommunikasiya avadanlıqlarının istehsalı ilə məşğul olur.