Tokio, 3 Oktyabr, /AJMEDIA/
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsinin təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar” mövzusunda tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, AYB-nin Gəncə bölməsində təşkil olunan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin və dünyasını dəyişmiş yazarların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə AYB-nin Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq Xəzangül açaraq Nizami Gəncəvi haqqında geniş məlumat verib.
Gəncə Regional Mədəniyyət Mərkəzinin rəisi Vasif Cənnətov çıxış edərək 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasından, bununla bağlı regional idarənin təşəbbüsü ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş silsilə tədbirlərdən danışıb.
Əməkdar mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradov çıxış edərək Nizami yurdu qədim Gəncəyə, eləcə də Nizami Gəncəvi irsinə ulu öndər Heydər Əliyevin diqqət və qayğısının bu gün ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirildiyini söyləyib.
Sonra şair və yazıçılardan Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Aləmzər Əlizadə, Saleh Qurbanov, Zaur Quliyev, Vüsal Hicran, Zahir Şirani, Ramiz Təmkin, Eltun Türkel, Mələk İsmayıl, Zülfiyyə Yaqub, Gülnarə Sadiq, Anar Bürcəliyev, Salman Balakişiyev, İmamverdi Vəliyev, İbadət Qurbanova və başqaları ürək sözlərini söylədilər, Nizami Gəncəviyə həsr olunmuş şeirlərini oxudular.