“Neftçi”nin sabiq baş məşqçisi: Komanda yaxşı oyun sərgiləyir

Tokio, 13 dekabr , /AJMEDIA/

“Hazırda “Neftçi”nin yaxşı heyəti var”.

Bu sözləri AJMEDIA-ya açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin deyib.

“Ağ-qaralar”ın cari mövsümdəki çıxışını dəyərləndirən italiyalı mütəxəssis komandanın sərgilədiyi oyunu bəyəndiyini bildirib: “Bir neçə həftə əvvəl “Neftçi”nin bəzi problemləri var idi, amma indi turnir cədvəlinin üçüncü pilləsində yer alırlar. İkinci sıradakı “Zirə” ilə xal fərqləri azdır. Düşünürəm ki, komanda yaxşı oyun sərgiləyir. Bu cür davam etsələr, mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilərlər”.

Təcrübəli çalışdırıcı “Neftçi”də işlədiyi dövrdə uğurlu nəticələr qazandığını vurğulayıb: “Klub prezidenti, idman direktoru, texniki heyətlə birlikdə çox yaxşı işlər gördük. “Neftçi” bizim dövrümüzdə ölkə çempionatında ikinci yeri tutdu, uğurlu oyunlar keçirdi. Çox yaxşı futbolçularımız var idi. Ancaq kapitan Emin Mahmudov ən yaxşısı idi”.

Həmyerlisi Canni De Byazinin Azərbaycan millisindəki işinə də qiymət verən R. Bordin gələcəkdə yığmamızın sükanı arxasına keçmək istəyini gizlətməyib: “De Byazi çox güclü məşqçidir. Onun Azərbaycan millisindəki işini yaxşı qiymətləndirirəm. Mənim məsələmə gəlincə, niyə də olmasın?!”.

Qeyd edək ki, Roberto Bordin 2018-2020-ci illərdə “Neftçi”nin baş məşqçisi olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts