Tokio, 14 sentyabr , /AJMEDIA/
“Neftçi” yeni transferi Lukas Melano ilə imzalanmış müqavilənin müddətini açıqlayıb.
Klubdan AJMEDIA-ya verilən məlumata görə, argentinalı futbolçu ilə anlaşmanın müddəti 2 ildir. 30 yaşlı hücumçu “ağ-qaralar”ın heyətində 16 nömrəli formanı geyinəcək.
“Neftçi”yə keçidi ilə bağlı təəssüratlarını klubun rəsmi televiziyası ilə bölüşən forvard deyib: “Hər şey çox tez baş verdi. Mənə zəng edib təklif olduğunu dedilər. Elə də çox vaxt yox idi. Çünki transfer bazarının bağlanmasına az qalmışdı. Ailəmlə, sevdiyim xanımla danışdım. Məxsus olduğum klubdan da “Neftçi” ilə danışıq aparmağa razılıq var idi. Buraya gəlməyi çox istəyirdim. Danışıqların müsbət yekunlaşması məni çox sevindirdi”.
Lukas Melano “Neftçi”dən təklif aldıqdan sonra Bakı klubunun sabiq yarımmüdafiəçisi və həmyerlisi Xorxe Korrea ilə məsləhətləşdiyini bildirib: “Azərbaycan, ölkə çempionatı və klub haqqında məlumatım var idi. Dostum Xorxe Korrea burada oynamışdı. Uşaq yaşlarından Argentinada birlikdə çıxış etmişik. İlk olaraq onunla əlaqə saxladım. Klub, insanlar, şəhər və çempionat haqqında çox yaxşı sözlər dedi. Bu amil qərar verməyimdə çox kömək oldu”.
O, hücum və yarımmüdafiə xəttində oynamaq bacarığına malik olduğunu söyləyib: “Ən sevdiyim mövqe hücumun sağ cinahıdır. Sol cinahda və sırf hücumçu kimi də oynamağı bacarıram. Bununla bağlı problemim yoxdur. 4-4-2 sxemində yarımmüdafiənin sağ cinahında çıxış edə bilirəm. Məşqlərə davam etməliyəm. Hansı mövqedə oynamağıma baş məşqçi qərar verəcək. Harada oynamağıma baxmayaraq, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.
Təcrübəli futbolçu hazırda yaxşı formada olduğunu vurğulayıb: “Ötən həftə sabiq klubumla oyuna çıxmışam. İstirahət etmək üçün yalnız üç günüm oldu. İlk günümü ailəmlə sağollaşmağa həsr etdim. Növbəti gündə hazırlaşdım. Üçüncü günümü isə təyyarəyə minib buraya gəlməyə sərf etdim”.
Qeyd edək ki, “Neftçi”yə “Atletiko Sarmiento”dan (2023) transfer olunan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-ın “Portlend Timbers” (2015-2019) komandalarında da çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana Kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS Kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər – Filip Ozobiç, Qara Qarayev, Andre Şinyaşiki, Dieqo Valdes, Reziuan Mirzov və hücumçu Aaron Olanare ilə anlaşıb.