“Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın təşəbbüslərinin müzakirəsinə həsr olunan beynəlxalq tədbir keçirilib

Tokio, 7 iyun , /AJMEDIA/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi və “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) təşkilatçılığı ilə “Sənayenin “xalis sıfır”a gedən yolunu formalaşdırmaq və OGDC-nin ambisiyalarını həyata keçirmək” mövzusunda beynəlxalq tədbir keçirilib.

SOCAR-dan AJMEDIA-ya bildirilib ki, tədbirdə SOCAR, BP, “Saudi Aramco”, ADNOC, “Petronas”, “TotalEnergies”, “ExxonMobil” kimi beynəlxalq enerji şirkətlərinin, “Ətraf Mühitin Mühafizəsi Fondu”nun (EDF), Beynəlxalq neft-qaz sənayesində ətraf mühitin mühafizəsi Assosiasiyasının (IPIECA), Beynəlxalq Enerji Agentliyinin (IEA), Dünya Bankı kimi nüfuzlu təşkilatların, həmçinin WOOD, “Baker Hughes”, SLB, “Uniper”, “Mitsubishi Corporation”, “Honeywell”, “Fortescue”, “Bain & Company”, “Boston Consulting Group”, “Wolters Kluwer Enablon” kimi bir sıra tanınmış şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.

Əvvəlcə OGDC barədə ətraflı məlumat verilib, təşkilatın inkişafı, gələcək hədəfləri, habelə əhatə dairəsinin genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb. Qlobal miqyasda neft-qaz şirkətlərinin dekarbonizasiya fəaliyyətinə OGDC-nin təşəbbüslərinin təsiri, xartiya üzvləri tərəfindən emissiyaların azaldılması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib, mövzu üzrə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı üzv təşkilatların 2050-ci ilə qədər neft-qaz əməliyyatlarında dekarbonizasiya fəaliyyətlərini dəstəkləməklə, “xalis sıfır”a nail olunması OGDC-nin əsas hədəfi kimi qeyd olunub.

SOCAR-ın prezidenti Rövşən Nəcəf panel sessiyasında çıxış edərək, şirkətin dekarbonizasiya hədəfləri, enerji keçidi və davamlı inkişafın təmin olunmasına dair fəaliyyəti, emissiyaların azaldılması sahəsində həyata keçirilən və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib. Rövşən Nəcəf COP29 ərəfəsində OGDC tədbirinin SOCAR-ın dəstəyi ilə Bakıda keçirilməsinə dair şirkətin təşəbbüsün, iqlim dəyişmələri ilə mübarizə və bu sahədə qlobal çağırışlara həssas yanaşmanın göstəricisi olduğunu qeyd edib.

Tədbirdə OGDC-nin fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlıq bildirilib, belə tədbirlərin xartiyanın icrasına önəmli töhfələr verəcəyi, habelə əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayacağı vurğulanıb.

Qeyd edək ki, SOCAR 2023-cü ildə COP28 zamanı irəli sürülmüş OGDC Xartiyasının həmtəsisçilərindən biri olmaqla, xartiyanın Rəhbər Komitəsində təmsil olunan 12 şirkətdən biridir. OGDC xartiyası 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail olma, 2030-cu ilə qədər “Upstream” seqmentində metan emissiyaları üzrə sıfır hədəfinə yaxınlaşma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfra endirilməsi kimi hədəfləri özündə əks etdirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts