Tokio, 24 noyabr , /AJMEDIA/
Qərbi Azərbaycana qayıdış konsepsiyası qəbul olunduqdan sonra bu konsepsiya ilk növbədə Azərbaycan ziyalıları, tədqiqatçılar qarşısında mühüm vəzifələr qoyur. Çünki Prezident, Müzəffər Ali Baş Komandanın iradəsi ilə, onun tapşırığı ilə hazırlanmış bu konsepsiyanın əsas məqsədi əlbəttə ki, sülh yolu ilə, elmi əsaslarla soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmasına xidmət edir”.
Bu fikirləri Naxçıvanda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən festival-konqres zamanı Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev bildirib: “XX yüzillik ərzində soydaşlarımız bir neçə dəfə ata-baba yurdundan didərgin salınıb və onlar uzun illər öz doğma el-obalarından kənarda yaşayırlar. Əlbəttə ki, hər bir azərbaycanlı kimi onların da təbii haqqıdır ki, öz doğulduqları, boya-başa çatdıqları kəndlərdə, şəhərlərdə, qəsəbələrdə yaşasınlar. Bu, həm təbii insan hüquqlarıdır, həm də eyni zamanda Azərbaycan ictimaiyyətini və beynəlxalq ictimaiyyəti düşündürən məsələdir. Çünki bu, birbaşa insan hüquqları ilə bağlı məsələdir. Müzəffər Ali Baş Komandanın Böyük Qayıdış proqramının uğurlu icrasının təmin olunduğu bir vaxtda, eyni zamanda biz soydaşlarımızın Qərbi Azərbaycana qayıdış konsepsiyası ətrafında düşünürük və bu festival da buna xidmət edir”.
Rektor onu da qeyd edib ki, festival-konqres bütövlükdə Qərbi Azərbaycana aid bütün dəyərləri birləşdirməklə həm mənəvi dəyərlərimizi, həm elmi tədqiqat materiallarımızı bir araya gətirib bu torpaqların tarixən azərbaycanlıların məskunlaşdığı bir ərazi olmasını həm ölkə, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
“Festivalda həm Qərbi Azərbaycana aid olan maddi mədəniyyət nümunələri, sənət əsərləri bir dəyər kimi sərgilənir, həm də Qərbi Azərbaycana aid geyim nümunələrindən ibarət kolleksiyalar təqdim olunur. Burada Qərbi Azərbaycana aid olan nəşr olunmuş kitabların, monoqrafiyaların, dərsliklərin, dərs vəsaitlərinin təqdimatı keçirilir, həmçinin arxiv materialları sərgilənir. Bütün bunlarla bərabər Qərbi azərbaycanlıların öz şəxsi kolleksiyalarında qoruduqları müxtəlif tarixi sənədlər, rəsm əsərləri sərgiləndi və biz bir daha bu festival çərçivəsində əmin olduq ki, bu dəyərlərin hamısı Azərbaycanın bütün ərazilərində, eyni zamanda Qərbi Azərbaycanda uzun 1000 illər ərzində formalaşmış milli dəyərlərdir və bu dəyərlərə sahib çıxmalıyıq.
Tədbirdə iki yüzə yaxın şəxs iştirak edir. O cümlədən 20-yə yaxın ali təhsil müəssisəsinin alimləri qatılıb. Tədbirin ikinci günündə Naxçıvan Dövlət Universitetinin müxtəlif konfrans salonlarında bölmə iclasları keçiriləcək və bölmələrdə məruzəçilər çox maraqlı təqdimatlar edəcəklər. Sonda konqres materiallarının nəşri nəzərdə tutulur. Mən təşkilatçılara, iştirakçılara təşəkkürümü bildirirəm”,- deyə Elbrus İsayev əlavə edib.
Rektor Qərbi Azərbaycanın öyrənilməsi ilə bağlı NDU-da görülən işlər barədə də fikirlərini bölüşüb: “Universitetdə bununla bağlı ən böyük yenilik ondan ibarətdir ki, keçən ay universitetin elmi şurasının qərarı ilə Qərbi Azərbaycana aid olan üç fənnin tədrisi olunması haqqında qərar qəbul etmişik. “Qərbi Azərbaycan mədəniyyəti”, “Qərbi Azərbaycan toponomikası” və “Qərbi Azərbaycan tarixi” fənn kimi tədris olunacaq. Təbii ki, bu fənlərin tədris olunması üçün də alimlərimiz bu istiqamətdə tədqiqatlar aparacaqlar. Növbəti il üçün elmi hesabatlılıq həm də Qərbi Azərbaycanın tədqiqi ilə bağlı olacaq. Müvafiq kafedralar qarşısında bununla bağlı vəzifələr qoyulub. Artıq bu istiqamətdə işlər gedir, yeni nəşrlər meydana gəlir, yeni axtarışlar var. Ümidvarıq ki, 2024-cü ildə də bu istiqamətdə universitetimizdə yeniliklər olacaq”.
Qeyd edək ki, Qərbi Azərbaycana qayıdışla bağlı Naxçıvanda keçirilən festival-konqres öz işini noyabrın 24-də başa vuracaq.