Tokio, 27 iyun , /AJMEDIA/
Naxçıvan Dövlət Universitetində 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbirdə əvvəlcə şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AJMEDIA-ya bildirilib ki, universitetin rektoru Elbrus İsayev çıxışında tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün biz aparılan uğurlu ordu quruculuğu siyasətinin nəticələrini görürük. Belə ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, ordumuzun qüdrəti 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanmağımıza yol açdı. Beynəlxalq aləmdə tanınmış hərbi ekspertlər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinə heyranlıqlarını gizlədə bilmədilər. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.
Vətən müharibəsi iştirakçısı, universitetin Məşqçilik ixtisası üzrə qiyabi şöbənin II kurs tələbəsi Fəxri Qazıbəyov Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə iştirakçıları təbrik edib, ordumuzun qüdrətindən söz açıb. Bildirib ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli, Xocavənd rayonlarının və Şuşa şəhərinin azad olunmasında yaxından iştirak edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Döyüşdə fərqləndiyinə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları, Azərbaycan Respublikası Baş nazirinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı və Azərbaycan Respublikasının müdafiə nazirinin sərəncamı ilə “Şücaətə görə” medalı ilə təltif olunub.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələri musiqi nömrələri ilə çıxış ediblər. Pedaqoji fakültənin tələbələrinin hərbi idman oyunları izləyicilər tərəfindən alqışlarla qarşılanıb. Sonra bir qrup tələbə idmanda qazandığı uğurlara görə təşəkkürnamə ilə təltif olunub. Sonda Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının müəllim və tələbələri nümunəvi çıxışlar və hərbi yürüş nümayiş etdiriblər.