Nazir: Küveyt COP29-a ev sahibliyi çərçivəsində Azərbaycanla qarşılıqlı əməkdaşlığa hazırdır

Tokio, 1 mart , /AJMEDIA/

Martın 1-də Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveytin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AJMEDIA-ya bildiriblər ki, görüşdə Azərbaycan ilə Küveyt arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlıq, bu əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Həmkarını xarici işlər naziri vəzifəsinə yeni təyinatı münasibətilə təbrik edən nazir Ceyhun Bayramov Küveyt xarici işlər nazirinə fəaliyyətində uğurlar arzulayıb.

Ölkələrimiz arasında əməkdaşlığın hazırkı səviyyəsindən bəhs edən nazir Ceyhun Bayramov Azərbaycanla Küveytin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığından məmnunluğunu ifadə edib.

Bu ilin Azərbaycan-Küveyt diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə təsadüf etdiyini diqqətə çatdıran tərəflər ölkələrimiz arasında siyasi məsləhətləşmələrin, nazirlərin sədrlik etdikləri ikitərəfli hökumətlərarası komissiyanın və görüşlərin ikitərəfli əməkdaşlıq üçün vacibliyini vurğulayıblar. Turizm, mədəniyyət, ticarət və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu diqqətə çatdırılıb.

Küveyt tərəfi, həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib.

Nazir Ceyhun Bayramov 30 ilə yaxın müddətdə davam edən Ermənistanın ərazilərimizin işğalı tarixçəsi, eləcə də 44 günlük Vətən müharibəsindən sonra postmünaqişə məsələləri, eləcə də ölkəmizlə Ermənistan arasında normallaşma prosesi və ölkəmizin həyata keçirdiyi bərpa-quruculuq işləri barədə qarşı tərəfə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər, eləcə də Yaxın Şərqdə və Qəzzada vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts