Tokio, 15 iyul , /AJMEDIA/
Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən təşkil olunan “Naxçıvanı qürurla paylaşırıq” adlı foto və videotəqdimat müsabiqəsinin yekun tədbiri olub.
AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev müsabiqənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının tarixi abidələrini, turizm imkanlarını, təbiət mənzərələrini, müasir inkişafını, adət-ənənələrini təbliğ və tərənnüm etməkdən, eləcə də Naxçıvanın tanıdılması və təbliğində fəal və istedadlı gənclərin stimullaşdırılmasından ibarətdir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə muxtar respublikada yaradılan şərait bu sahədə gənclərin fəallığını təmin edib, gənc bloqçular üçün geniş imkanlar açılıb. “Naxçıvanı qürurla paylaşırıq” adlı foto və videotəqdimat müsabiqəsinin keçirilməsi də yaradılan şəraitin nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü, “Naxçıvanı qürurla paylaşırıq” layihəsinin rəhbəri Sara Əzimova çıxış edərək bildirib ki, müsabiqənin qaliblərinin mükafatlandırılması mərasiminin keçirilməsi əlamətdar bir günə – 14 iyula təsadüf edir. 1969-cu ildə məhz bu gün müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ulu öndər Heydər Əliyev ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəlib. Bu gün Ümummilli Liderin ideyalarının, Heydər Əliyev quruculuq xəttinin davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan inkişafının ən yüksək mərhələsinə qədəm qoyub. Buna görədir ki, bu gün Naxçıvan sosial şəbəkələrdə də qürurla paylaşılır, bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri də 2022-ci ilin fevral ayından start verilən “Naxçıvanı qürurla paylaşırıq” layihəsidir. Layihəyə onlarla gənc qoşulub, onlar Naxçıvanın tanıdılması və təbliğində fəal iştirak edib və şəxsi sosial hesablarına “Naxçıvanı qürurla paylaşırıq” həştəqi ilə yüzlərlə foto və video yerləşdiriblər. İndiyə qədər bu paylaşımlara baxış sayı 8 milyonu ötüb.
“Layihəyə tanınmış bloqçular da qoşulub və onların “Naxçıvanı qürurla paylaşırıq” həştəqi ilə paylaşdıqları foto və videolara yüz minlərlə baxış olub, Azərbaycan üzrə minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən də paylaşılıb. Bu paylaşımların bir fərqi var ki, orijinaldır və statistikanı yüksək göstərmək üçün panel qoşulmayıb”, – deyən Sara Əzimova bildirib ki, layihə iştirakçılarının fevralın 19-20-də Ağbulaq İstirahət Mərkəzində düşərgəsi, daha sonra Naxçıvanın digər gəzməli-görməli yerlərinə səyahətləri təşkil olunub. Doğma diyarımızı tanıtmaq üçün Naxçıvanı qürurla paylaşan sosial şəbəkə istifadəçilərinin bloqçu kimi peşəkarlaşmasında keçirilən bu tədbirlər və yekununa toplaşdığımız bu müsabiqə böyük stimul olub. Sara Əzimova göstərdiyi diqqət və qayğıya görə layihə iştirakçıları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Əvvəlcə yaradıcılıq müsabiqəsi haqqında məlumat verilərək bildirilib ki, müsabiqəyə muxtar respublikada yaşayan həm peşəkar, həm də həvəskar müəlliflərin 300 fotosu, 30 videosu təqdim olunub. Hər istiqamət üzrə, ümumilikdə 9 qalib seçilib. 8 nəfər sosial şəbəkə istifadəçisi isə həvəsləndirici yerə layiq görülüb.
Müsabiqədə foto istiqaməti üzrə birinci yerin qalibi “Cahan Tabak Beynəlxalq” MMC-nin əməkdaşı Namaz Namazov, ikinci yerin qalibi Kəngərli rayonunun Xok kəndindən olan həvəskar fotoqraf Pünhan Məmmədli, üçüncü yerin qalibləri “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Pnar Yusifli, Naxçıvan Dövlət Universitetinin biologiya ixtisası üzrə I kurs tələbəsi Fatimə İsmayılova olub. Videotəqdimat üzrə isə birinci yerin qalibi Şahbuz rayon Qızıl Qışlaq kənd ərazi dairəsi üzrə icra nümayəndəliyinin əməkdaşı Zülfüqar Qurbanlı, ikinci yerin qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasının əməkdaşı Sara Əsədova və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun əməkdaşı Allahverdi Şahmərdanov, üçüncü yerin qalibləri isə Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov və Şərur rayonunun Mahmudkəndindən olan həvəskar rejissor Maksun Qasımov olublar.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən diplom, pul mükafatları və qiymətli hədiyyələr təqdim edilib. Qaliblərdən gənc bloqçu Zülfüqar Qurbanlı gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.