Tokio, 7 noyabr , /AJMEDIA/
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan MR Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kros qaçışı keçirilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyindən AJMEDIA-ya bildirilib ki, Naxçıvan şəhəri Əziz Əliyev küçəsindən başlayaraq Zəfər Parkınadək 5500 metrlik məsafəni əhatə edən kütləvi idman yarışına ictimaiyyət nümayəndələri, tələbələr, kursantlar, idmançılar və şəhər sakinləri olmaqla, ümumilikdə 500-dən çox insan qatılıb.
İlk 8 yerin sahibləri diplom, medal, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Mükafatları səlahiyyətli nümayəndəliyin media üzrə məsul şəxsi Günay Malikqızı, gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Məcid Seyidov təqdim ediblər.
Tədbirə dəvət olunmuş Vətən müharibəsi iştirakçıları və şəhid övladlarına hədiyyələr təqdim edilib. Zəfər Günü münasibətilə hər kəsi təbrik edən şəhid Sahil Məmmədovun qızı Şəms atasının timsalında bütün Azərbaycan hərbçiləri ilə fəxr etdiyini deyib, şeir parçası ilə iştirakçılara duyğulu anlar yaşadıb.
Qeyd edək ki, yarışda oğlanlar arasında Əmrah Nağıyev, qızlarda isə Aysu Abbasova qalib olublar. Namiq Babayev, Cəlal Quliyev, Sevinc Əliyeva və Nilufər Quliyeva müvafiq ardıcıllıqla ilk üçlüyü tamamlayıblar.