Tokio, 17 oktyabr , /AJMEDIA/
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsində çağırışçıların yola salınma mərasimi keçirilib.
Xidmətin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, müddətli hərbi xidmətə çağırış tədbirində əvvəlcə Dövlət Himni səsləndirilib. Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək bildirib ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Sözügedən sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə yönəldilir.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov diqqətə çatdırıb ki, bu gün ölkəmizdə gənclərin vətənpərvər ruhda böyüməsi əsas prioritet istiqamətlərdən biridir. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının ölkəmizdə, o cümlədən muxtar respublikamızda da uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Silahlı Qüvvələrin bütün qoşun növləri sürətlə inkişaf etməkdədir. Blokada şəraitində olan muxtar respublikanın bütün hərbi hissələrində olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov çıxışında qeyd edib ki, 44 gün davam edən döyüşlərdə ordumuz şanlı Zəfər qazanıb, 30 ilə yaxın müddətdə torpaqlarımızın 20 faizini işğalda saxlayan mənfur düşməni təslim olmağa məcbur edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində biz torpaqlarımızı işğaldan azad etdik. Əldə olunan bu tarixi Zəfər, ölkəmizin ərazi bütövlüyünün təmin olunması həm də Azərbaycan xalqının özünə inamını qaytardı.
Sonra çağırışçı Rauf Abbasov çıxış edərək Vətənin, torpaqlarımızın suverenliyi, azadlığı yolunda canla-başla xidmət edəcəyinə, torpaqlarımızın mühafizəsində ayıq-sayıq dayanacağına söz verib.
Daha sonra çağırışçılar müddətli hərbi xidmətə yola salınıblar.